CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə gəldiyini aydınlaşdıra bilmirlər”

Deputat bildirib ki, müvafiq qurumlar kibercinayətkarlığa, bu işlə mütəşəkkil məşğul olan dəstələrə qarşı müntəzəm əməliyyatlar həyata keçirsələr də, bu istiqamətdə məlumat yetərsizliyinin olması ən böyük çatışmazlıqlardan biridir.
Sputnik
BAKI, 23 aprel — Sputnik. "İnsanlar bank adı ilə gələn zənglərin həqiqətən bankdan, yoxsa başqa bir şəxs tərəfindən hansı məqsədlə gəldiyini aydınlaşdıra bilmirlər. Əksər hallarda isə bu kimi zənglərə inanaraq şəxsi məlumatları qarşı tərəfə ötürürlər ki, bu da bütün kart balanslarının oğurlanmasına gətirib çıxarır. Kibercinayətkarlar kart istifadəçilərini əvvəlcə qorxudaraq ardından köməklərini təklif edirlər. Bəzi şəxslər də təbii ki, dərhal buna inanaraq qarşı tərəfin bütün suallarını cavablandırır və daha bir kibercinayət hadisəsi baş verir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, Azərbaycanın müvafiq qurumları kibercinayətkarlığa, bu işlə mütəşəkkil məşğul olan dəstələrə qarşı müntəzəm əməliyyatlar həyata keçirsələr də, bu istiqamətdə məlumat yetərsizliyinin olması ən böyük çatışmazlıqlardan biridir: "Kibertəhlükəsizlik milli yox, qlobal problemdir. Lakin nəzərdə tutulan yaş qrupları üçün məlumatlandırma sessiyaları ilə, sosial çarxlarla bu sahədə savadlılıq və sosial immunitet artırıla bilər. Çünki artıq 50 insandan ən azı biri bu kimi hallarla qarşılaşıb. Ya özünün, ya da tanıdığı kimsənin başına gəldiyindən çevrəsindəki digər şəxsləri bu sahədə məlumatlandırır və mümkün kibercinayətin qarşısını almağa müvəffəq olur. Hətta bankların özünün belə bu istiqamətdə məlumatlandırıcı fəaliyyətləri olmalı, ən azından müştərilərinin telefon nömrələrinə ismarıclar göndərərək mümkün zənglərə qarşı xəbərdarlıq etməlidirlər. Həmin bankın müştərisi bilməlidir ki, bank ondan zəng edərək 4 rəqəmli kod və ya hər hansı digər məlumat tələb etmir, əgər soruşulursa, deməli artıq o kibercinayətkarla qarşı-qarşıyadır".
"Müvafiq qurumları, bank sektorunu, kütləvi informasiya vasitələrini, televiziya kanallarını vətəndaşlarımız üçün aydınladıcı-məlumatlandırıcı çarxlar paylaşmağa, infosessiyalara, bu istiqamətdə xəbərdaredici fəaliyyət görməyə çağırıram” - deputat əlavə edib.