BAKI, 23 aprel — Sputnik. Azərbaycan Prezidentinin Rusiyaya səfəri işgüzar xarakter daşıyırdı. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini şərh edərkən politoloq Elşən Manafov deyib.
O, qeyd edib ki, bu səfər hər iki ölkədə keçirilmiş prezident seçkilərindən sonra prezidentlər arasında ilk görüş idi:
"Görüş zamanı dövlət başçıları münasibətlərin mövcud durumundan məmnun olduqlarını bildirib. Ölkələr arasında ticarət iqtisadi əlaqələrin durmadan yüksəldiyini qeyd ediblər. Tərəflər regionun təhlükəsizlik problemlərinin həllinə ortaq baxışların olduğunu vurğulayıblar. Azərbaycan prezidenti də regionun təhlükəsizlik problemlərinin həllində Rusiyanın fundamental rol oynadığını qeyd edib".
Politoloq xatırladıb ki, görüş həm də Baykal Amur Magistralının tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş möhtəşəm tədbirlə yadda qalıb: "Məlum layihənin icrasına nəzarət SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini Heydər Əliyevə tapşırılmışdı. Sovetlər İttifaqının rəhbərlərindən biri olaraq Heydər Əliyevin kadrlara olan yüksək tələbkarlığı, eyni zamanda fəhlə və texniki işçilərə insani qayğısı tədbir iştirakçıları tərəfindən böyük şəxsiyyətə xüsusi ehtiram və hörmətlə yad edilib. Əlbəttə ulu öndərin şərəfinə tədbirdə deyilən fikirlər, onun şəxsiyyətinə Rusiya prezidenti Putinin xususi ehtiramı ümummilli liderin siyasi varisi, prezident İlham Əliyevi sevindirdiyi kimi, xalqimızı da məmnun edib".
Politoloq onu da bildirib ki, müasir geosiyasi çağırışlar Azərbaycan-Rusiya əlaqələrinin möhkəmliyini zəruri edir: "Cənubi Qafqaz beynəlxalq aktorların və qlobal güc mərkzələrinin maraqlarının kəsişməsində yerləşir. Bu gün dünyada Rusiyaya münasibətin birmənalı olmadığı hər kəsə bəllidir. Əsasən Qərb dairələri Rusiyaya yönəlik siyasətlərində beynəlxalq hüququ çeynəyərək imperialist siyasətlərini həyata keçirirlər və bunu demokratiya ad altında pərdələməyə çalışırlar".
Elşən Manafov qeyd edir ki, Rusiya ilə Qərbin mövcud geosiyasi toqquşmalarının fəsadları dünya nizamına təsirsiz ötüşməyib: "İqtisadi çevrələrdə yaşanan gərginliklər, Rusiya ilə iqtisadi münasibətləri olan ölkələri də əhatə edir. Bununla belə Azərbaycan Rusiya ilə beynəlxalq hüquq çərçivəsində iqtisadi, siyasi münasibətlərini qətiyyətlə davam etdirir. Ölkəmizin müstəqil siyasət yürütməsi və Rusiya ilə əlaqələrinin Qərb dairələrində məmnunluqla qarşılandığını söyləmək olmaz. Bununla belə bu gün Azərbaycan qlobal enerji və nəqliyyat logistika layihələrinin icraçısı, təşəbbüskarı kimi öz geosiyasi gücünü nümayiş etdirir, ikitərəfli münasibətlərdə və beynəlxalq pltaformalardakı fəaliyyətini inamlı bir şəkildə davam etdirir".