BAKI, 23 aprel — Sputnik. Azərbaycanda unun tərkibi dəyişdiriləcək. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən həftə verdiyi açıqlamasında bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək:
"Çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik".
AQTA sədri deyib ki, artıq dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.
Qeyd edək ki, buna səbəb dünyada anemiya xəstələrinin sayının xüsusilə qadınlar arasında 570 milyona çatması, Azərbaycanda isə 40 faiz artmasıdır.
AQTA-dan isə bildirdilər ki, unun hansı miqdarda zənginləşdirilməsi ilə bağlı texniki detallar müəyyənləşdirilib. Amma bu, yaxın zamanlarda həyata keçiriləcək.
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının dosenti Qəribə Hacıyeva Sputnik Azərbaycan-a açıqlamasında unun dəmirlə zənginləşdirilməsinin vacib olduğunu söyləyib:
"Dəmirlə zəngin qidalar heyvani mənşəli məhsullardır. Bura qırmızı ət və qaraciyər daxildir. Amma bu gün sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, təkcə Azərbaycanda deyil, dünyada da ailələr tez-tez bu məhsulları alıb istehlak edə bilmirlər. Qiymətlər bahalaşdıqca, bu məhsullara əhalinin əlçatanlığı da azalır. Əvvəllər insanlar həftədə iki-üç dəfə ət alıb yeyə bilirdilərsə, indi elə ailələr var ki, ayda bir dəfə ət alıb yeyir. Ona görə də orqanizmdə dəmir defisiti yaranır. Bu səbəbdən dövlətin yeyinti məhsullarını dəmirlə zənginləşdirməsi alqışlanandır".
Qəribə Hacıyevanın sözlərinə görə, bu, profilaktik məqsəd daşıyır. Unun zənginləşdirilməsi dəmir defisitinin qarşısını almaq üçün həyata keçirilir. Artıq dəmir defisiti olan insanlar isə bunun üçün müalicə kursu almalı, qan artıran dərmanlarla bu problemdən xilas olmalıdırlar.
Həmsöhbətimiz deyir ki, hamilə qadınlar, körpə uşaqlar arasında dəmir defisiti müşahidə olunur: "Un elə bir məhsuldur ki, müxtəlif kateqoriya əhali undan, çörəkdən istifadə edir. Çörək əhalinin demək olar ki, gündəlik istehlak etdiyi məhsuldur.Ona görə məhz unun dəmirlə zənginləşdirilməsi başadüşüləndir".
O, bu məqsədlə tədqiqatlar aparıldığını söyləyib. Bildirib ki, rayonlarda aparılan tədiqatlardan sonra unun dəmirlə zənginləşdirilməsi ilə bağlı qərar verilib.
Dosent una dəmirlə yanaşı bəzi vitaminlərin də qatılacağını söyləyib. Əlavə edib ki, dəmirlə zənginləşdirilmiş çörək yeyən hamilə qadınlarda anemiya çox az müşahidə olunur. Bu isə gələcəkdə anemiyasız uşaqların dünyaya gəlməsi deməkdir.
Hacıyeva una dəmir qatılmasının çörəyin dadına təsir göstərməyəcəyini bildirib. Qeyd edib ki, una dəmir toz halında qatılır. Dəmir adətən əla və birinci növ una əlavə olunur.
Bu məqamda çörəyin qiymətinin qalxması məsələsi də gündəmə gəlir. Unun tərkibinin dəyişdirilməsi çörəyin bahalaşmasına səbəb ola bilərmi?
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a bildirib ki, una dəmir qatılması unun və çörəyin qiymətini bahalaşdırmayacaq. Bunun üçün normalar müəyyən olunmalı, un istehsalçıları həmin tələblərə əməl etməlidirlər.
Qeyd edək ki, anemiya qan xəstəliyidir. Əsasən dəmir əskikliyi nəticəsində yaranır. İnsan bədəninə lazım olan bir qrup vitamin və minerallar dənlə alınır. Xüsusən də, dənin qabığı dəmirlə zəngindir. Lakin un üyüdüləndə bioloji fəal maddələr kəpəklə xaric olur, ancaq qidalandırıcı maddələr qalır. Ona görə də qidada bu maddələr kifayət etmədiyindən vitamin çatışmazlığı yaranır, nəticədə immunitetin zəifləməsi, dəmir defisitli anemiyalar yaranır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.