RUSİYA

Qərb nüvə gücləri arasında hərbi toqquşma astanasındadır - Lavrov

Rusiyanın xarici işlər naziri bildirib ki, hazırda dünya silahlara nəzarət, silahsızlaşma və nüvə silahının yayılmaması sistemində böhran yaşayır .
Sputnik
BAKI, 22 aprel — Sputnik. Qərb fəlakətli nəticələrlə dolu olan Ukraynaya verdiyi dəstək fonunda nüvə gücləri arasında birbaşa hərbi toqquşma astanasındadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Moskva Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçılarına videomüraciətində deyib:

"Qərblilər təhlükəli şəkildə nüvə gücləri arasında birbaşa hərbi toqquşma astanasında mövqe tutublar. Bu da fəlakətli nəticələrə gətirib çıxarır".

Onun sözlərinə görə, Qərb nüvə dövlətlərinin üçlüyünün Kiyevin əsas sponsorları arasında olması xüsusi narahatlıq doğurur. Nazir əlavə edib ki, Moskva bunu nüvə təhlükəsi səviyyəsinin artmasına səbəb olan ciddi strateji risklər kimi qiymətləndirir.
O qeyd edib ki, hazırda dünya silahlara nəzarət, silahsızlaşma və nüvə silahının yayılmaması sistemində böhran yaşayır və bu, beynəlxalq təhlükəsizlik sahəsində misli görünməmiş dərəcədə dərin deqradasiyanı əks etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.