BAKI, 22 aprel — Sputnik. Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.
“Report”un məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
“Bu (sülhməramlıların çıxarılması - red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlılar üçün heç bir funksiya qalmayıb”, - Peskov deyib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib.
29.09.23
"Qarabağdakı Rusiya sülhməramlı missiyasının uzadılması imkanı Azərbaycan tərəfi ilə müzakirə olunacaq".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"İndi Azərbaycan ərazisində yerləşən missiyadan söhbət gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq", - deyə Kremli sözçüsü vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Qarabağ regionun Rusiya sülhməramlı kontingenti İkinci Qarabağ müharibəsinin yekununda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşması əsasında 5 il müddətinə yerləşdirilib.
Üçtərəfli bəyanat
Xatırladaq ki, Üçtərəfli bəyanat 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanıb. Bəyanat müəllifləri bildiriblər:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.