BAKI, 21 aprel — Sputnik. Azərbaycanda kök hüceyrə prosedurlarının fəsadlara səbəb olması ilə bağlı xalq artisti Flora Kərimovanın kök hüceyrə uzmanı Sevinc Heydərovadan şikayəti bu kosmetoloji prosedurların təhlükəsi məsələsini gündəmə gətirib. Xalq artisti kök hüceyrə prosedurundan sonra gözlərində fəsadlar yarandığından şikayətlənib.
Qeyd edək ki, son vaxtlar kök hüceyrənin kosmetoloji məqsədlərlə istifadəsi sosial platformada geniş reklam edilir. Sputnik Azərbaycan ölkəmizdə tətbiq edilən kök hüceyrə prosedurlarının fəsadlarını, kök hüceyrənin alınma yollarını, hansı sahələrdə istifadəsinə icazə verildiyini, eləcə də bunun üçün laborator mərkəzlərin olub-olmadığını araşdırıb.
Araşdırma zamanı məlum olub ki, ölkəmizdə kök hüceyrənin alınması üçün sertifikasiya almış yeganə laborator mərkəz Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda kliniki araşdırmalar məqsədilə yaradılıb.
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun kök hüceyrə laboratoriyasının əməkdaşı, həkim hematoloq Səhər İsmayılova Sputnik Azərbaycan-a müsabihəsində kök hüceyrənin alınma üsulu, tibbdə tətbiqi, eləcə də, digər vacib məqamlara toxunub.
- Səhər xanım, öncə bu laboratoriyanın qurulması barədə danışaq. Necə oldu ki, ölkəmizdə kök hüceyrə laboratoriyası yaradıldı?
- 2017-ci ildən bu laboratoriyanın yaradılması nəzərdə tutulurdu. Amma laboratoriyanın qurulması 2020-ci ilədək çəkdi. Çünki kök hüceyrə laboratoriyasının qurulması o qədər də asan deyildi. Bunun üçün müasir avadanlıqlar alınmalı, laboratoriyanın steril olması üçün xüsusi havalandırma sistemi qurulmalı idi. Bu, Azərbaycanda beynəlxalq standartlara cavab verən ilk və tək laboratoriyadır.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun kök hüceyrə laboratoriyasının əməkdaşı, həkim hematoloq Səhər İsmayılova
© Sputnik / Zullfiye Guluyeva
- Amma hazırda ölkəmizdə çoxsaylı kök hüceyrə mərkəzləri ilə bağlı reklamlara rast gəlirik. Bəs belə laboratoriya olmadan kök hüceyrə hansı yolla əldə edilir?
- Ölkəmizdə kök hüceyrə mərkəzlərinin fəaliyyəti reklam olunsa da, GMP standartı alan və uyğun yetişdirilmə üsulunun tətbiq edildiyi yeganə mərkəz Genetik Ehtiyatlar İnstitutunun nəzdindəki laboratoriyadır.
- Səhər xanım, oxucularımıza və dinləyicilərimizə zəhmət olmasa kök hüceyrə barədə məlumat verərdiniz. Kök hüceyrə nədir?
- Kök hüceyrə bədənimizdə olan unikal hüceyrələrdir. Bu hüceyrələrin müxtəlif funksiyaları var. Əsas funksiyaları ölmüş hüceyrələri yeniləmək və zədələnmiş toxumaları regenerasiya etməkdir. Bu hüceyrələri hansı zədələnmiş toxumaya vursaq, həmin toxuma bərpa olunur. Kök hüveyrələrdən sinir, qığırdaq, sümük, əzələ və s. toxumaların hüceyrələrini almaq mümkündür. Kök hüceyrə bütün hüceyrələrə başlanğıc verən ana hüceyrə hesab olunur.
- Kök hüceyrə necə və hansı üsulla alınır?
- Kök hüceyrənin bir neçə alınma üsulları var. Bədənin bütün toxumalarında bu hüceyrələr var. Amma laborator şəraitdə ən çox yetişirilən yağ toxumasından, sümük iliyindən və yeni doğulmuş körpənin göbək ciyəsindən alınan mezenximal kök hüceyrələrdir. Bunların arasında ən yaxşısı yeni doğulmuşdan alınan kök hüceyrələrdir. Körpələrdən alınan kök hüceyrələrin regenerasiya qabiliyyəti daha yüksəkdir. Çünki, yeni doğulmuş uşağın hüceyrələri yeni hüceyrələrdir. İnsan yaşlandıqca, hüceyrələrin sayı da azalır. 20-30 yaşında olan insanla 50 yaşlı insanın hüceyrələri eyni deyil. Kök hüceyrələrin bədənimizdə olması qocalma prosesini ləngidir.
- Hazırda Azərbaycanda kök hüceyrədən kosmetologiyada geniş istifadə olunur. Amma bununla bağlı müəyyən şikayətlər də var. Kök hüceyrədən kosmetologiyada necə istifadə olunmalıdır?
- Kosmetologiyada daha çox istifadə olunan hüceyrələr fibroblastlardır. Fibroblast qulağın arxa hissəsindən alınan kiçik dəri toxumasından əldə edilərək laborotor şəraitdə yetişdirilib çoxaldılır. Bu proses bir ay çəkir. Bir aydan sonra həmin hüceyrələr istifadəyə hazır olur. Bu hüceyrələr üz və boyun dərisinə inyeksiya yolu ilə yeridilməklə dərinin cavanlaşmasına səbəb olur. Kollogen və elastin liflərinin, hialuron turşusunun sintezini artırmaqla yaşlanmanın qarşısını alır. Ləkələrin aradan qaldırılması, qırışların açılması və dərinin təravətlənməsinə səbəb olur.
- Bəs kök hüceyrə tibbi və müalicə məqsədilə hansı halda istifadə edilə bilər?
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu
© Sputnik / Zullfiye Guluyeva
- Kök hüceyrənin əsas xüsusiyyəti regenerasiya qabiliyyətinin olmasıdır. Hansı yerdə zədələnmiş hissə varsa, həmin toxumanı bərpa edə bilir. Yeni doğulmuş körpənin göbək ciyəsinin Warton jelindən alınan mezenximal kök hüceyrələr autizmin, serebral iflicin, onurğa beyninin digər zədələnmələrinin, oynaq xəstəliklərinin müalicəsində tətbiq edilir.
- Kök hüceyrənin yetişdirilməsi üçün beynəlxalq tələb nədir?
- "Beynəlxalq Kök Hüceyrə və Gen Terapiyası Assossasiyası"nın kök hüceyrə müalicəsinə aid xüsusi protokolu var. Bu protokola əsasən kök hüceyrə müalicəsi minimum 4 şərtə cavab verməlidir:
1. Mütləq laboratoriyada yetişdirilməlidir
2. Xüsusi analizlərlə CD-markerlər təyin olunub alınan hüceyrənin kök hüceyrə olduğu sübut olunmalıdır
3. Hüceyrənin canlılığı təyin olunmalıdır
4. Hər müalicəyə uyğun hüceyrə sayı təyin olunmalıdır
Bir sözlə, kök hüceyrələrin sayı, CD-markerləri, canlılığı və hər hansı protokola uyğun sayı müəyyən edildikdən sonra pasiyentə tətbiq edilməlidir.
- Bəs kök hüceyrə fəsad verə bilərmi?
- Kök hüceyrənin fəsadı demək olar ki, yoxdur. Fəsad cüzi hərarət reaksiyası və qızartı ola bilər.
- Siz qeyd etdiniz ki, kök hüceyrə bir ay ərzində yetişir. Amma hazırda geniş reklam olunan klinikalarda biz pasiyentlərə bir neçə saatın içərisində kök hüceyrə tətbiq edildiyini görürük. Belə çıxır ki, həmin mərkəzlərin tətbiq etdiyi əsl kök hüceyrə deyil?
- Azərbaycanda daha çox kök hüceyrə adı ilə tətbiq olunan SVF-dir. Bu piy qatından əldə edilən stromal vaskulyar fraksiyadır. SVF pasiyentin piy toxumasından alınır. İki saat ərzində sentrafuqadan keçdikdən sonra tətbiq olunur. Stromal vaskulyar fraksiya ilə kök hüceyrənin fərqi var. Stromal vaskulyar fraksiyanın içərisində də kök hüceyrə var. Amma orada kök hüceyrə ilə yanaşı, bir sıra digər hüceyrələr də var, hansı ki, onların bir qismi arzuolunmaz hüceyrələrdir. Biz bu zaman pasiyentə yaxşı hüceyrələrlə yanaşı, pis hüceyrələri də yeritmiş oluruq. Eyni zamanda stromal vaskulyar fraksiyada alınan kök hüceyrə sayı çox aşağıdır. Məsələn, fibroblastı üz nayihəsinə tətbiq edərkən bir prosedura 20 milyon hüceyrə veririk. Əgər bunu piy toxumasından əldə etsək, hüceyrə sayı 200 min olacaq. Burada fərq açıq şəkildə görünür.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu
© Sputnik / Zullfiye Guluyeva
- Kök hüceyrənin effektivliyi nə qədərdir?
- Kök hüceyrə tətbiq olunduqdan bir-iki ay sonra təsir göstərir və təsiri bir-iki ilə daha da güclənir. Stromal vaskulyar fraksiya ilə alınan hüceyrələr isə dəri toxumasını doldurur. Belə deyək ki, stromal vaskulyar fraksiyada 5 ml içərisində cəmi 200 min hüceyrə verilir. Bunun içərisində lazımsız hüceyrələr də var. Kök hüceyrələrin sayı isə az olur.
- Kök hüceyrənin əldə olunması üçün laboratoriyaya hansı tələblər var?
- Bunun üçün beynəlxalq tələb laboratoriyanın GMP sertifikatının olmasıdıır. Bu beynəlxlaq standartdır. Kök hüceyrənin yetişdirilməsi üçün bu sertifikat ildə bir dəfə yenilənməklə əldə edilməlidir. Bu sertifikatı olmayan laboratoriyada kök hüceyrənin yetişdirilməsi doğru sayılmır. Bu həm də beynəlxalq protokoldur.
- Pasiyentlər kök hüceyrə prosedurlarından öncə sözügedən mərkəzlərdən bu sertifikatı tələb etməlidir?
- Mütləq şəkildə pasiyentlər bu sertifikatı tələb etməlidir. Çünki sertifikatlı laboratoriyanın ən üstün tələbi sterilliyin təmin olunmasıdır. Alınan kök hüceyrə damardaxili , oynaqdaxili yeridildiyi ücun sterilliyin qorunması əsas şərtdir. Bu zaman infeksiyanın keçmə riski yüksəkdir.
- Kök hüceyrə bir şəxsdən alınıb digər şəxsə köçürülə bilərmi?
- Daha çox insanın özündən-özünə tətbiq edilir. Bu, adətən kosmetologiyada tətbiq edilir. Amma yenidoğulmuş korpənin göbək ciyəsindən alınan mezenximal kök hüceyrələr müalicə məqsədilə istifadə edilən ən yüksək potensiala sahib olan hüceyrələrdir.
- Kök hüceyrə müalicəsi hansı xəstəliklərin müalicəsində tətbiq edilir?
- Kök hüceyrədən oynaq xəstəliklərinin, sağalmayan yaraların, nevroloji xəstəliklərin , autoimmun xəstəliklərin müalicəsində istifadə edilir. Qan xərçəngi olan kəskin leykozlarda hematopoetik kök hüceyrədən istifadə edilir.