BAKI, 22 aprel — Sputnik. Ötən həftə Azərbaycan və Ermənistan ictimai-siyasi gündəmi üçün önəmli hadisələrlə yadda qaldı. Əvvəlcə Rusiya sülhməramlı kontingentinin keçmiş münaqişə bölgəsi olan Qarabağ iqtisadi rayonunun ərazisindən çıxarılması xəbəri rəsmi şəxslər tərəfindən təsdiqləndi.
Faktiki olaraq 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağa iqtisadi rayonu ərazisində keçirdiyi anitterror əməliyyatından sonra sülhməramlıların bölgədə görəcəyi iş qalmamışdı. 10 noyabr üçtərəfli bəyannaməsinə uyğun olaraq sülhməramlıların bölgədə fəaliyyət müddətinin 5 il olması nəzərdə tutulmuşdu. Antiterror əməliyyatından sonra rusiyalı rəsmilər də verdikləri açıqlamalarda sülhməramlıların fəaliyyəti ilə bağlı vəziyyətin bütünlükdə Azərbaycan tərəfi ilə koordinasiya edildiyini açıqlamışdılar.
Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya komissiyalarının fəaliyyəti isə öz müsbət nəticələrini verir. Xatırladaq bu ilin martında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən verilən açıqlamada Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyini bildirmişdi. Bu tələb öz nəticəsini aprelin 19-da vermiş oldu. Belə ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub.
Dörd kəndin qaytarılması ilə bağlı məsələdə görünən odur ki, sakitliklə bitməyəcək. Çünki Ermənistan daxilində bu razılığa ciddi müqavimətin olduğu görünür.
Növbəti proseslərdən nələrin gözlənməsi ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tural İsmayılov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, delimitasiya komissiyalarının fəaliyyətinin nəticələri tarixi hadisələrdir:
"Sovet İttifaqının dağılmasına qədər olan sərhədlər bərpa olunur. Onu da diqqətdən kənar qoymaq olmaz ki, komissiyalar delimitasiya işlərində Alma-Ata bəyannaməsinin müddəalarına əsaslanır. Bu, sərhədlərin delimitasiyasının əsas prinsipi kimi qeyd olunur. Bu isə o deməkdir ki, yaxın aylarda tərəflər arasında növbəti addımlar razılaşdırılacaq. Düşünürəm ki, parlamentdə ratifikasiya prosesi də daxil olmaqla lazımi təsdiqlərdən keçməlidir ki, delimitasiya prosesi təsbit olunsun".
Millət vəkilinin sözlərinə görə aprelin 19-da elan olunmuş razılaşmada növbəti addımlarla bağlı vacib məqamlar əksini tapıb: "Mayın 15-də tərəflər müvafiq protokol imzalamalıdır. İyulun 1-dən hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq təsdiq prosesinə başlanmalıdır".
Arzu Nağıyev deyir ki, Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi üçün bu, çox prinsipial məsələdir:
"Hesab edirəm ki, baş verənlər ən yüksək səviyyədə razılaşdırılıb və artıq geriyə yol yoxdur. Biz separatçı və revanşist qüvvələrin həmin bölgədəki təxribatlarını da diqqətlə izləyirik. Amma baş verənlər Ermənistanın daxili işidir və onlar bu prosesi tənzimləməlidirlər. Əsas məsələ odur ki, sərhədin delimitasiyası başa çatdıqdan sonra bölgə Ermənistan hərbi qüvvələrindən təmizlənəcək və onun yerini sərhəd qoşunları tutacaq. Bu prosesin də süni şəkildə uzadılmasına lüzum görmürəm. Birmənalı şəkildə digər istiqamətlərdə danışıqların daha inamla davam etdiriləcəyini gözləyirik. Əsas diqqət edilməli məqam həm də odur ki, iki dövlət heç bir vasitəçi olmadan dinc yolla prosesləri tənzimləməyə çalışırlar".
Politoloq Tural İsmayılov isə bildirir ki, bölgədə baş verənlər Azərbaycanın düzgün strategiya əsasında aparılan uğurlu siyasətinin tərkib hissəsidir:
"Dörd kəndin qaytarılması vacib hadisədir. Biz yaxşı xatırlayırıq ki, Ermənistan tərəfi bölgədə prosesi pozmaq və ümumiyyətlə sülh masasından qaçmaq üçün məqsədyönlü şəkildə təxribatlar həyata keçirirdi. Təbii ki, bu addımlar proseslərdə ləngimələrə və bəzən uzun müddətli fasilələrə səbəb olurdu. Ancaq nəhayət ki, tarixi Azərbaycan torpaqları yenidən Azərbaycanın yuridiksiyası altında olacaq. Biz onu da xatırlayırıq ki, bu kəndlər işğal olunarkən Ermənistan qoşunları tərəfindən misli görülməmiş vandallıqlar törədilib".
Politoloq hesab edir ki, dörd kəndin bir güllə atılmadan qaytarılması böyük nəticə hesab edilməlidir: "Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin qurulması bölgədə inkişafı təşviq edən növbəti proseslərin başlaması üçün də müsbət dinamika yaradır. Növbəti mərhələdə Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması müzakirə ediləcək. Uzun illərdir ki, Cənubi Qafqaz regionu Ermənistanın işğal siyasəti nəticəsində xarici investorlar üçün cazibədarlığını itirmişdi".
Tural İsmayılov hesab edir ki, normallaşma prosesi regionumuza yeni iqtisadi dinamika gətirə bilər. Hazırda baş verənlər isə yürütdüyü işğalçı siyasətə görə uzun illər dalan dövlətinə çevrilmiş Ermənistana iqtisadi inkişaf qapısını açacaq. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Çünki nəqliyat və kommunikasiyaların açılması Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Ermənistan tərəfi xarici qüvvələrin təsirindən çıxa bilsə, Zəngəzur dəhlizinin də iqtisadi mənfəətlərindən yararlana biləcək. Ümumilikdə bölgədə baş verən hadisələrin müsbət dinamikası sülhə olan ümidləri yenidən canlandırıb. Əgər hanısasa pozucu fəaliyyət, xarici qüvvələrin müdaxiləsi olmaz, Ermənistan hakimiyyətinin siyasi iradəsi proseslərdə çəkingənlik nümayiş etdirməzsə, tezliklə digər müsbət hadisələrin baş verməsinə şahidlik edə bilərik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.