BAKI, 22 aprel — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun "Dərinsulu Günəşli" platformasından indiyədək təqribən 640 milyon barel neft hasil edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına istinadən xəbər verir.
SOCAR "Dərinsulu Günəşli" platformasının istismara verilməsinin 16-cı ildönümü münasibətilə videoçarx hazırlayıb.
"Platforma 2008-ci il aprelin 22-də istifadəyə verilib. "Dərinsulu Günəşli" platformasından indiyədək 638 milyon barel neft və 18,2 milyard kubmetr səmt qazı hasil edilib", - məlumatda qeyd edilib.
Bu platformadan orta gündəlik neft hasilatı 2023-cü ilin sonuna 67,3 min barel təşkil edib.
Hazırda AÇG blokunda hasilat 7 platformadan həyata keçirilir. 2023-cü ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ümumilikdə 133 milyon barel (18 milyon ton) hasil edilib. 2023-cü ildə blokda orta gündəlik neft hasilatı 363 min barel təşkil edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "Equinor" (7,27 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,31 %) pay sahibidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.