TƏHSİL

Kirayədə yaşayanları daha bir problem gözləyir

Ekspert deyir ki, bu gün şagirdlərin məktəblərə yerləşdirilməsi məsələsində yeni baxışa ehtiyac var.
Sputnik
BAKI, 21 aprel — Sputnik. Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklərin də tətbiqi nəzərdə tutulub. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, birinci sinfə qəbulda "ərazi yoxlanışı" tətbiq ediləcək.
Bəs görəsən "ərazi yoxlanışı" qeydiyyatsız və kirayədə yaşayan ailələrə birinci sinfə qəbulda hansı problemlər yarada bilər?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, birinci sinfə qəbulun elektron yolla aparılması bir sıra problemləri aradan qaldırıb. Amma ərazi üzrə məktəb seçimində valideynlər hələ də bəzi problemlərlə üzləşirlər.

"Bəzən ərazi baxımından məktəblərdə siniflər tez dolduğundan valideynlər çətinliklərlə üzləşirlər. Amma şagird üçün ən yaxşı məktəb onun evinə yaxın olan məktəbdir. Bu zaman uşaqlar tıxacda gözləmədən məktəbə çatırlar. Nəzərə almaq lazımdır ki, bu gün Bakı və Abşeronda kifayət qədər insan var ki, qeydiyyatsız yaşayır. Elm və Təhsil Nazirliyi öz evi olan, amma kupçasız evlərdə yaşayanların həmin ərazidə yaşadığını kommunal qurumlardan əldə edilən məlumatlarla dəqiqləşdirə bilir. Əgər ev vətəndaşın özünündürsə, kupçası və qeydiyyatı olmasa da, elektrik enerjisinə görə abonent kodu ilə ərazinin ünvanı uyğun gəlirsə, valideyn həmin ərazidə yerləşən məktəbi seçə bilir. Amma kirayədə yaşayanlar ciddi problemlə üzləşirlər. Ona görə də, boş yer qalarsa kirayə yaşayanların məsələsinə baxılır", - Kamran Əsədov bildirib.

Kamran Əsədov
Ekspert deyir ki, hazırda şagirdlərin məktəblərə yerləşdirilməsi məsələsində yeni baxışa ehtiyac var:

"Çünki, bəzi müəllimlər var ki, onlarda şagird yeri tez dolur, digər müəllimlərə ayrılan yerlər boş qalır. Ona görə də elektron sistemdən müəllimin adı silinməlidir ki, bunu məktəb və valideynlər görə bilməsin. Müəllim seçimi aradan qaldırılmalıdır. Valideynlər övladlarının hansı müəllimin sinfinə düşdüyünü yalnız sentyabrın 15-də bilməlidirlər".

K.Əsədov onu da bildirir ki, valideynlərin daha çox müraciət etdikləri məktəblərdə növbəli siniflər də açılmalıdır:
"Əlavə siniflərin sayı təlabatın çox olduğu, yerlərin tez dolduğu məktəblərdə də yeni siniflərin açılması yaxşı olar. Valideynlərə arzu etdikləri məktəbə övladlarını yerləşdirməyə imkanlar yaratmaq lazımdır. Elə məktəblər var ki, onların göstəriciləri yaxşı olduğundan, valideynlər həmin məktəblərə can atırlar. Bu məqamlar mütləq gələcəkdə nəzərə alınmalıdır".
Qeyd edək ki, bu il valideynlər birinci sinfə qəbulda ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər.
Valideynlər (qanuni nümayəndə) https://mektebeqebul.edu.az/ linkinə daxil olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə biləcək. 1 may tarixindən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin "ərazi yoxlanışı" bölməsində "Azərişığın" abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər.
Eşqi Bağırov bildirib ki, məskunlaşma sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdıracaq.
Bundan başqa, Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda, üstünlük hüququ əsasında, yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər:

"Müsabiqədə uğur qazandığı halda, valideynin digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək".

Məlumat üçün bildirək ki, mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may - 17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may - 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun - 13 sentyabr tarixlərini əhatə edəcək.
Bu il avtomatik olaraq 1-ci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlanıb. Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.