DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiyev ABŞ-ın Rusiyaya PUA hücumlarını dayandırmaq tələblərinə məhəl qoymur

Vaşinqton Kiyevin Rusiya neft emalı zavodlarına hücumundan narahatdır, çünki bu, neftin qiymətinin artmasına səbəb ola bilər.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Ukrayna hakimiyyəti ABŞ-ın pilotsuz təyyarələrdən istifadə edərək Rusiya infrastrukturuna hücumlardan çəkinmək tələblərinə məhəl qoymur.
Bu barədə Britaniyanın "The Economist" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Kiyevin Rusiya neft emalı zavodlarına hücumundan narahatdır, çünki bu, neftin qiymətinin artmasına səbəb ola bilər. Bundan əlavə, Ukraynanın hücumları qarşılıqlı nəzarətsiz atışmalara səbəb ola bilər ki, bu halda da "Ukrayna uduzan tərəf olmaq riskinə gedir".
"Economist"in Ukrayna kəşfiyyatındakı "Detektiv" təxəllüslü mənbəsi Rusiya neftayırma zavodlarına hücumların intensivliyini azaltmaq üçün hələlik heç bir göstəriş alınmadığını bildirib. Bununla yanaşı, jurnal qeyd edib ki, son bir həftədə Ukrayna Silahlı Qüvvələri Rusiya hədəflərinə hücumlardan çəkinib.
Nəşrin Ukrayna qoşunlarının ehtiyacları üçün pilotsuz təyyarələr istehsal edən digər həmsöhbəti isə iddia edib ki, ABŞ rəsmiləri arasında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması ilə bağlı konsensus yoxdur. O qeyd edib ki, onlar fərdi şəkildə olaraq davamlı hücumlara çağırırlar.
Bundan əvvəl Amerikanın dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, ABŞ Ukrayna ordusunun Rusiya ərazisinə endirdiyi zərbələri dəstəkləmir. Beləliklə, o, Ukrayna Silahlı Qüvvələrinin Rusiya neftayırma zavodlarına hücumlarını şərh edib.