CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ataların da uşaqlara görə güzəştli şərtlərlə pensiya almaq hüququ olacaq

Bu hüquq kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.
Sputnik
BAKI, 19 aprel — Sputnik. Azərbaycanda analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu qanunda müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu hüquq kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 8-ci maddəsi aşağıdakı redaksiyada verilir:
Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər
- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
- Bu qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Əvvəllər Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq. "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.