BAKI, 18 aprel — Sputnik. Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
"Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir" - məlumatda deyilir.
Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var.
Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.
Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.