BAKI, 18 aprel — Sputnik. İran Silahlı Qüvvələri öz nüvə obyektlərinə İsrail tərəfindən istənilən hücumu dəf etməyə hazırdır. Bunu İranın nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinin komandiri Əhməd Həktələb bildirib.
"İran əvvəldən İsrailin təhdidlərinə qarşı durmağa hazırdır. Nüvə obyektlərinin bütün İrana səpələnməsi sayəsində passiv müdafiə planlarından, eləcə də ən müasir silahlardan istifadə etməklə biz İsraildən nüvə obyektlərinə qarşı istənilən təhlükəyə qarşı qoymağa hazırıq", - SEPAH komandiri bildirib.
İran Silahlı Qüvvələrinin elit bölməsi İslam İnqilabı Keşikçiləri Korpusu aprelin 14-nə keçən gecə İsrailə cavab olaraq bu ölkənin ərazisinə zərbələr endirib. Müxtəlif mənbələrə görə hücumda bir neçə yüz raket və pilotsuz uçuş aparatı, o cümlədən Şahed kamikadze pilotsuz uçan aparatları, Fəttah və Fəttah-2 hipersəs raketləri istifadə edilib. İranın dövlət televiziya kanalı Press TV bütün hipersəs raketlərinin hədəflərinə çatdığını bildirib.
İsrail ordusunun məlumatına görə, İran 170-ə yaxın pilotsuz təyyarə, 30-dan çox qanadlı raket və 120-dən çox ballistik raket daxil olmaqla ümumilikdə 300-dən çox hərbi sursat və PUA-nı havaya buraxıb. Eyni zamanda, İsrail yalnız "bir neçə raketin" ölkəyə çatdığını və "kiçik ziyana" səbəb olduğunu bildirir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranın "Doğru vəd" əməliyyatını başa çatdırdığını və onu davam etdirməyi planlaşdırmadığını, lakin İsrailin hər hansı tədbir görəcəyi təqdirdə İranın növbəti əməliyyatının əvvəlkindən daha geniş olacağını bildirib.
İsrail müdafiə naziri Benni Qantz bildirib ki, ölkə İran təhlükəsinə qarşı regional koalisiya yaratmaq və hücuma lazımi vaxtda və şəkildə cavab vermək niyyətindədir. İsrail hökumətinin yaxın gələcəkdə növbəti addımlar barədə qərar verəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.