"Bunun üçün Gürcüstanda müxtəlif addımlar atılırdı. Ermənistanda bu addımların 2020-ci ildən sonra atıldığına şahidlik etdik. Fransa Aİ-nin imkanlarından istifadə edərək bölgədə Türkiyəyə qarşı ikinci cəbhə açmaq istəyir. Bəllidir ki, Aralıq dənizində Türkiyənin hərbi, siyasi, iqtisadi imkanları genişlənir. Fransa isə ənənəvi olaraq Aralıq dənizini öz nəzarəti altında saxlamağa iddialıdır. Biz görürük ki, Yunanıstan Fransa yaxınlaşması, Fransanın Misirlə silah alveri, Liviyadakı fəallığı Aralıq dənizi ilə bağlı planların səngimədiyini sübut edir. İndi Cənubi Qafqazda öz rəqibinə ziyan vurmaq üçün Fransa bölgəmizdə Türkiyə üçün ikinci gərginlik cəbhəsi açmaq niyyətindədir. Bu, onların məqsədidir. Təəssüf ki, Ermənistan bu reallığı görmədən Fransanın təşəbbüskar olduğu oyunlarda iştiraka razılıq verib. Bölgədə gərginliyin artmasının siqnalları görünür" - T.Zülfüqarov bildirib.
"Bu Azərbaycan-Türkiyə tandemi və Türk dövlətləri birliyidir. Bunun güclənməsi bir çox dünya oyunçularını narahat edir. Fransa təzyiq elementlərini formalaşdırmaq üçün həm Azərbaycana, həm Türkiyəyə qarşı bu cür addımlar atır. Buna da diqqət etməliyik ki, indi Fransanın ən əsas geostrateji maraqlarından biri Mərkəzi Asiyada olan uran ehtiyatları ilə bağlıdır. Afrikadan sonra Qazaxıstan və Özbəkistan Fransanın enerji təminatında önəmli rol oynamaqdadır. Fransa prezidentinin bu ölkələrə olan səfərləri də bunu göstərir".