BAKI, 18 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri tələbin kəskin aşağı düşməsi, Yaxın Şərqdə gərginliyin azalmasından sonra stabilləşir. Əvvəlki sessiyada 3 faizlik ucuzlaşmadan sonra neft qiymətləri bu gün bahalaşıb. Çünki bazarlarda bu il üçün neft tələbatı ilə bağlı narahatlıq qalır.
"Brent" markalı neft 29 sent bahalaşaraq 87,58 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 20 sent artaraq 82,89 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 dollar azalaraq 91,53 dollar təşkil edib.
Qeyd edək ki, bundan öncə neft qiymətləri bu il yanacağa tələbatın gözləniləndən aşağı olduğunu göstərən amillərə görə 3 faiz ucuzlaşıb.
Digər tərəfdən, ABŞ-də neft ehtiyatlarının proqnozlardan daha çox artması neftin ucuzlaşmasına təsir göstərib. Keçən həftə ABŞ-də neft ehtiyatları 2,7 milyon barel artaraq 460 milyon barelə çatıb. Analitiklər isə 1,4 milyon barel artım proqnozlaşdırıb.
Əlavə edək ki, neftin qiyməti bu il təxminən 16 faiz artaraq bir barel üçün 90 dollara yaxındır. Yaxın Şərqdə gərginliyin artması fonunda tədarüklə bağlı narahatlıqlar yüksəkdir.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.