BAKI, 17 aprel — Sputnik. Fransa Xarici İşlər Nazirliyinin aprelin 16-da yayımlanmış bəyanatında bildirildi ki, bu ölkənin Azərbaycandakı səfiri məsləhətləşmələr üçün geriç çağırılıb. Rəsmi Paris səfirin geri çağırılmasının Azərbaycanın ikitərəfli münasibətlərə xələlgətirən addımları olmasını iddia edir.
Azərbaycan XİN-in Fransa tərəfinin bu addımı ilə bağlı geniş bəyanat yayıb və bildirilib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub.
Millət vəkili Zahid Oruc bildirir ki, Fransa Azərbaycan münasibətləri ölkəmizin müstəqillik qazandığı dövrdən bu yana ən aşağı diplomatik səviyyəyə düşüb: "Təbii ki, bu prosesin iqtisadi tərəfləri də olacaq. 2020-ci ilin Vətən müharibəsinin ardınca, heç bir ay keçməmiş Fransa parlamentində qondarma Qarabağ rejiminin tanınması məsələsi müzakirəyə çıxarıldı. Mediada ardıcıl bu məsələ tiralandı və Avropa ictimai fikrini Azərbaycana qarşı yönəltməyə çalışdılar. Daha sonra humanitar missiyalı YUNESCO-nu Yeliseyin xarici siyasət idarəsinin Azərbaycan əleyhinə tapşırıqlarını yerinə yetirən qurumua çevirərək ölkəmizə qarşı sistemli kampaniya aparıldı".
Millət vəkilinin fikrincə, Azərbaycanın qələbəsinin regional və beynəlxalq nəticələri Fransanı narahat edir.
"Onlar düşünürdülər ki, məzlum xalqlar ayağa qalxar və öz hüquqlarını tələb edər. Həqiqətən də belə oldu. Afrika qitəsində, Okeaniyada anti-Fransa hərəkatları meydana gəldi. Bütün bunlarda yenə də xarici qüvvələri ortaya atdılar, nəinki gerçək müstəmləkəçilik siyasətlərini etiraf etdilər. Onlar Azərbaycanla bağlı süni gərginliyi dərinləşdirdilər. Azərbyacanın Ermənistana hücum etmək, onun müstəqiliyyinə təhdid formalaşdırmaq kimi niyyətləri olmadığı halda Fransa açıq şəkildə bəyan edirdi ki, Ermənistanla hərbi əməkdaşlığını dərinləşdirir".
"Almaniya kansleri Olaf Şolts bir sıra amilləri nəzərə alaraq anti-Azərbaycan mövqeyindən geri çəkildi. Fransa isə beynəlxalq siyasətdə irticaçı, müstələkəçi bir dövlət kimi dünyaya demokratiya dərsi keçir, müxtəlif xalqların istismarı ilə məşğuldur. Onlar bölgəmizi də neokolonial siyasətlərinin bir hissəsi kimi görməyə çalışırdılar. Fransaya Ermənistan və erməniçilik lazım deyil. Onlar regionu Ermənistan vasitəsilə öz müstəmləkə məkanı kimi görüb, bu siyasəti yürüdürlər".
Politoloq Elşən Manafov deyir ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir: "Adətən səfirlər dövlətlərarası münasibətlərdə ciddi böhran yaşandığı hallarda geri çağırılırlar. Fransanın Azərbaycana münasibətində kəskin dönüş ölkəmizin 44 günlük müharibədə Ermənistan üzərində əldə etdiyi qələbədən sonra baş verib. Bu mənada Fransa Senatının qondarma qurumun müstəqilliyini tanıması barədə qərar separatizmə dəstək olmaqla yanaşı, beynəlxalq hüquqa ziddir. Bu addım Azərbaycan-Fransa münasibətlərinə ciddi ziyan vurub"
Elşən Manafov vurğulayıb ki, Fransa kollektiv Qərbin bir hissəsi olaraq bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə dəyişməsinə çalışır: "Fransa bu məqsədlə Ermənistandan istifadə edir, hətta onu silahlandırır, bununla da bölgədə sülh və sabitliyi təhdid edir. Onun hazırkı şəraitdə əsas missiyası Rusiyanı Ermənistandan sıxışdırılıb çıxarılmasına nail olmaq, Ermənistan bazarında onun yerini tutmaqdır. Səfirin geri çağırılmasına rəsmi Bakının adekvat cavab verəcəyi istisna edilə bilməz".