BAKI, 17 aprel - Sputnik. Azərbaycan və Rusiya arasında ticarət əlaqələri yüksək səviyyədə inkişaf edir.
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Bakı Ekspo Mərkəzdə keçirilən "Made in BRICS & SCO" beynəlxalq sərginin açılış mərasimində deyib.
Onun sözlərinə görə, ən yüksək səviyyədə təmaslar davam etdirilir: "Ölkələrarası biznes əlaqələrinin inkişafında qarşılıqlı maraq görürük. Rusiyanın ticarət nümayəndəsi olaraq hər zaman həm Azərbaycan, həm də Rusiya şirkətlərinə etibarlı tərəfdaş tapmaqda dəstək göstərməyə hazırıq".
O, Bakını bu tədbirin keçirilməsi üçün məkan olaraq seçilməsini çox sevindirici hal kimi qiymətləndirib: "Bu sərginin ənənəvi olaraq burada keçirilməsinə ümid edirəm".
Rusiyanın Azərbaycanda Ticarət-Sənaye Palatasının fəxri nümayəndəsi Mariya Suvorovskaya isə qeyd edib ki, sərgidə Rusiyanın bir sıra vilayətlərindən nümayəndələr iştirak edirlər: "Biz Rusiya istehsalçılarının Azərbaycan bazarına çıxışına dəstək verməyə hazırıq. Bunun üçün bu ilin fevral ayında Rusiyanın Azərbaycanda Ticarət-Sənaye Palatasının fəxri nümayəndəliyinin ofisi açılıb".
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5 % artaraq 4 milyard 358 milyon ABŞ dollarına çatıb, 2023-cü ildə Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının xüsusi çəkisi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 8,52 % təşkil edib.