İQTİSADİYYAT

Azərbaycanda inflyasiya azalır - Ərzaq məhsulları illik müqayisədə ucuzlaşıb

Mərkəzi Bankın proqnozuna görə, mövcud şərtlər dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.
Sputnik
BAKI, 17 aprel — Sputnik. Azərbaycanda inflyasiya azalmaqda davam edir. Keçən ay qida məhsulları, içkilər və tütün məmulatlarında ucuzlaşma müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin mart ayında Azərbaycanda istehlak qiymətləri 2023-cü ilin mart ayına nisbətən 0,4 faiz bahalaşıb. Keçən ay illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 1,1 faiz ucuzlaşıb, qeyri-qida məhsulları isə 1,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 2,2 faiz bahalaşıb.
Qeyd edək ki, keçən ilin dekabr ayında ölkədə istehlak qiymətləri illik müqayisədə 2,1 faiz bahalaşıb, amma bu ilin mart ayında istehlak qiymətləri illik müqayisədə 0,4 faiz bahalaşıb. Beləliklə, ölkədə inflyasiya tempi azalmaqda davam edir.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir. Bu il dünyada əmtəə qiymətləri enib. ABŞ-nin Enerji İnformasiya Agentliyinin (EİA) məlumatına görə, 2024-cü ilin II rübündən neft ehtiyatlarının artması proqnozu qiymətlərə təsir edən əsas amillərdən biri olacaq. Bu il dünyada ərzaq qiymətləri də aşağı düşüb. Xarici mənşəli başlıca inflyasiya riskləri odur ki, geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər. İnflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər.
"Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var" - Mərkəzi Bankın məlumatında bildirilib.
Dövlət Statistika Komitəsi
Qida məhsulları
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin mart ayında fevral ayına nisbətən qida məhsullarından daha çox bahalaşma düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın, ucuzlaşma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında əvvəlki aya nisbətən qeyri-qida malları üzrə istehlak qiymətlərində dəyişiklik olmayıb.
Ödənişli xidmətlər
Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, mehmanxanalarda gecələmə xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Keçən il ölkədə inflyasiya azalıb
Xatırladaq ki, baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb: "Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. Keçən il Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində "İnflyasiya və qiymət monitorinqi" üzrə İşçi Qrup yaradılıb. Qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən "Qiymət izləmə tətbiqi" sistemi yaradılıb".
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama görə, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.