BAKI, 16 aprel — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Tərtər-Bakı istiqaməti üzrə sərnişin daşıyan avtobusda dünən qeydə alınmış görüntülərə aydınlıq gətirib. AYNA-dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, sözügedən avtobus avtovağzaldan kənar xidmət göstərən nəqliyyat vasitəsidir.
Qeyd edək ki, dünən Tərtər-Bakı istiqaməti üzrə sərnişin daşıyan avtobusda təhlükəli anlar yaşanıb.
Nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb. O, özünü itirməyərək, sükana nəzarət edib və avtobusu yolun kənarına çəkə bilib. Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb. Yaranmış hadisə şəhərlər və rayonlararası sərnişin daşıyan avtobusların texniki nasazlığı problemini yenidə gündəmə gətirib.