BAKI, 16 aprel — Sputnik. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb.
Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış olmaq mümkündür.
İmtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23-25 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir.
Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır: Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir. Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər. Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılır ki, bu tip müraciətlərə baxılmayacaq.
27.12.23, 16:40
2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri aşağıdakı cədvəldə təqdim olunur.
İmtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan iştirakçılarının nəzərinə çatdırılır ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.
1. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona, Peşə liseylərinin buraxılış imtahanı 3 mart
2. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona, Peşə liseylərinin buraxılış imtahanı 10 mart
3. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 17 mart
4. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona 7 aprel
5. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona 21 aprel
6. Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd 12 may
7. Azərbaycan dili imtahanı (dövlət dili kimi) 9 və 11-ci sinif, 2-ci cəhd 30 iyun
Qeyd 1: İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
Qeyd 2: Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.
Qeyd 3: DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.