CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərər çəkmiş şəxsə mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslər cərimə ediləcək

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyət müəyyən edilir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
"Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Qısamüddətli və ya uzunmüddətli mühafizə orderi
Xatırladaq ki, mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.
Qeyd edək ki, zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:
-məişət zorakılığının təkrar törədilməsi;
-zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
-zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Uzunmüddətli mühafizə orderində aşağıdakılar nəzərdə tutula bilər:
-məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
-zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
-mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.