SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır" - Nazir

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.
Sputnik
BAKI, 15 aprel — Sputnik. "COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı keçən il dünya ölkələri yekdilliklə qərar verib". Bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, bu, Azərbaycanda yaşıl enerji sahəsində görülmüş işlərin nəticəsi olaraq verilmiş qərardır. Bu, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçiriləcək və böyük məsuliyyətdir. Biz burada təşkil olunacaq işlərdə birgə səy göstərməliyik. 2024 yaşıl dünya naminə həmrəylik ili elan olunub. Azərbaycan inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında körpü rolunu oynayır.
Onun sözlərinə görə, Azərbaycanda COP29-la bağlı hazırlıq işləri davam etdirilir. Bununla bağlı vətəndaş cəmiyyəti ilə də aktiv təmasdayıq. Bu işin aparılması üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin aktiv iştirakını gözləyirik və buna çağırış edirik.
O qeyd edib ki, Azərbaycan metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub: "2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib. Azərbaycan baza ili - 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir".
Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.

"Yaşıl keçid Azərbaycanın milli prioritetləri sırasındadır" - o əlavə edib.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.
Tədbirdə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.