BAKI, 15 aprel — Sputnik. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı sənədlərin təklif edilməsidir. Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29 baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün jurnalistlər üçün keçirilən COP29 sədrliyinin ilk mətbuat konfransında deyib.
O bildirib ki, iqlim dəyişikliyi, iqlim maliyyəsi ilə bağlı sənədlərin yeni meyarlarının hazırlanması COP29-dan əsas gözləntidir:
"Çünki iqlim maliyyəsi ilə bağlı sənədlər dünyanın üz-üzə olduğu iqlim dəyişmələri problemlərinin həlli üçün kifayət qədər əhatəli deyil. Bu istiqamətdə müxtəlif platformalarda ikitərəfli və çoxtərəfli danışıqlar aparılacaq".
Qeyd edilib ki, Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. Bildirilib ki, COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.
Tədbirdə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.