DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tehran aeroportları fəaliyyətini bərpa edib

Bildirilib ki, iki aeroport bu gün (15 aprel) yerli vaxtla saat 06:00-dan uçuşları həyata keçirməyə başlayıb.
Sputnik
BAKI, 15 aprel — Sputnik. İranın Tehran şəhərində İmam Xomeyni beynəlxalq aeroportu və Mehrabad beynəlxalq aeroportu fəaliyyətini bərpa edib. Bu haqda İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, qeyd olunan iki aeroport bu gün (15 aprel) yerli vaxtla saat 06:00-dan uçuşları həyata keçirməyə başlayıb.
Qeyd edək ki, aprelin 14-də İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla raket və PUA atdığını təsdiqləyib. Bunun ardınca İranın Tehran aeroportları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Əlavə edək ki, Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında deyilib.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq" - XİN qeyd edib.

Türkiyə də İran və İsraili bölgədəki gərginliyi yüksəldəcək addımlardan çəkinməyə çağırıb.
Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bəyanatla çıxış edən Türkiyənin Xarici İşlər Nazirliyi regional sabitliyə uzun müddətli zərbə vuracaq və beynəlxalq müstəvidə yeni genişmiqyaslı böhranlara səbəb olacaq qərarların verilməməsinin əhəmiyyətini vurğulayıb.
İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatların regional təhlükəsizlik baxımından ciddi risklərə səbəb olduğuna diqqət çəkilən bəyanatda qeyd edilib ki, İranın Dəməşqdəki səfirliyinə endirilən zərbə Ankaranın narahatlığının nə qədər əsaslı olduğunu bir daha ortaya qoyub.

"İranın bu hücuma cavabı və sonrakı hadisələr bir daha göstərdi ki, proseslər tez bir zamanda regional müharibəyə çevrilə bilər. Türkiyə nümayəndələri İran və ABŞ rəsmiləri ilə görüşərək, regionda gərginliyi daha da artırmama çağırışı edib. Ölkəmizin gözləntiləri və mövqeyi tərəflərə çatdırılıb, atılacaq cavab addımlarının mütənasib olması üçün təşəbbüslər irəli sürülüb" - sənəddə qeyd olunub.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.