BAKI, 14 aprel — Sputnik. 2024-cü ildə havanın temperaturu keçən il müəyyən edilmiş rekord göstəricilərdən yüksək ola bilər.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Voeykov adına Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Andrey Kiselyov bildirib ki, ən isti illər, adətən El Nino effektinin təsiri ilə Sakit Okeanın ekvatorial hissəsi adi haldan, təxminən 3 dərəcə istiləşən bir vaxtda baş verir.
2023-cü ildə dünya əhalisi anomal isti havaya səbəb olan El Nino effekti ilə üzləşib. Lakin klimatoloqların fikrincə, bu fenomenin pik nöqtəsi 2024-cü ildə baş verəcək.
"Yəni, 2024-cü il ən isti il kimi proqnozlaşdırılıb", - Kiselyov aydınlıq gətirib.
Eyni zamanda qeyd olunub ki, artıq 2025-ci ildə əl-Nino fazası başa çata bilər ki, bu da ili əvvəlkilərdən biraz daha sərin etməlidir.
Bundan əvvəl çinli klimatoloqlar Yer kürəsinin bu il rekord temperaturun gözlənilə biləcəyi üç bölgəsinin adını çəkiblər. Alimlərin fikrincə, bu il istidən ən çox Benqal körfəzi, Filippin və Karib hövzəsinin sakinləri əziyyət çəkəcəklər.