BAKI, 12 aprel - Sputnik. 12 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Bu barədə XİN məlumat yayıb.
Çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.
MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.
MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.
Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə MDB üzv dövlətləri ilə beynəlxalq bazarlar arasında tranzit-nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş rolunu oynadığı bildirilib. Bu imkanların daha da təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən dəmir yollarının modernizasiyası, Ələt beynəlxalq dəniz ticarət limanının potensialının genişləndirilməsi, Ələt azad iqtisadi zonasının inkişafı istiqamətində aparılan aktiv fəaliyyətlərdən bəhs olunub.
MDB üzv dövlətləri arasında qarşılıqlı inam və anlaşmanın, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsində humanitar sahə üzrə əməkdaşlıq və mübadilələrin rolunun danılmaz olduğu qeyd edilib.
MDB-nin təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, idman və gənclər sahələri üzrə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq üçün uğurlu format olduğu diqqətə çatdırılıb.
2025-ci ildə İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar qəbul edilmiş müvafiq tədbirlər planının Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilib, ölkəmizin sözügedən qələbənin qazanılmasına verdiyi önəmli töhfədən danışılıb.
Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində ölkəmizdə aparılan hazırlıq işlərindən bəhs olunub. COP29-un Azərbaycanda təşkilinin həmçinin MDB çərçivəsində yaşıl enerjiyə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.
Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.