MƏDƏNİYYƏT

“Döngə” qrupu Azərbaycanda roku canlandırmaq niyyətindədir

Fərid Məmmədov və Nərmin Behbudova ölkədə rok musiqisinin yenidən populyarlaşması üçün əllərindən gələni etmək niyyətindədirlər.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Bir çox məşhur musiqi tənqidçiləri və musiqişünaslar hesab edirlər ki, rok musiqisi bütün dünyada tənəzzül edir və arxa plana keçir. Bəs Azərbaycanda? Bu janr ölkədə məşhurdurmu?
Bu suallara “Sputnik Azərbaycan”a müsahibəsində “Döngə” rok qrupunun üzvləri Fərid Məmmədov və Nərmin Behbudova cavab veriblər. Beş nəfərdən ibarət bu qrup çox yaxında yaradılsa da, qısa müddət ərzində onlar Azərbaycanın məşhur və fəal rok qruplarından birinə çevrilə biliblər.
Nərmin bildirib ki, Fəridlə bir-birilərini 12 ildir tanıyırlar və 8 ildir iş münasibətləri var. Bundan əvvəl müğənnilər müxtəlif qruplarda ifaçı olub, həm də solo ifa ediblər və təxminən bir il əvvəl özlərinin “Döngə” rok qrupunu yaradıblar. Onlar üçün ən çətini ad tapmaq olub və sosial şəbəkə istifadəçiləri bu işdə onlara kömək ediblər.
"Rok musiqisi həyatımızda xüsusi yer tutur. Mən yalnız bu janrı sevdiyim üçün ifaçı olmağa qərar verdim. Rok mənə fikir və hisslərimi ifadə etməkdə kömək edir. Nərminlə mənim əsas məqsədimiz rok musiqisini Azərbaycanda təbliğ etməkdir. Təəssüf ki, hazırda bu janr bütün dünyada, o cümlədən ölkəmizdə məşhur deyil. Sovet dövründə Azərbaycanda çoxlu rok qrupları var idi, lakin zaman keçdikcə bu dalğa azalmağa başladı. Biz roku canlandırmaq istəyirik" - Fərid bildirib.
Bundan əvvəl ifaçılar “Dərviş” qrupunda çıxış ediblər.
“Dərviş qrupunun tərkibində biz kaver-mahnılar ifa etdik. Bu mahnıların ən populyarlarından biri xalq artisti Niyaməddin Musayevin repertuarından olan "Dünya sənin, dünya mənim" kompozisiyanın rok janrına interpretasiyası idi. Biz onun Musayevlə duet variantını da təqdim etdik. Bu variant böyük uğur qazandı. Bizə bu layihənin həyata keçirilməsində köməklik göstərən həmkarımız Elnarə Xəlilovaya minnətdarıq” – Nərmin bildirib.
Fərid Məmmədov
Bir il əvvəl isə ifaçılar Dərviş qrupunu tərk etmək qərarına gəldilər. Bu qərarın səbəbləri müxtəlif idi, lakin əsas səbəb onların fikir və düşüncələri ilə digər komanda üzvlərinin fikirləri arasında uyğunsuzluq idi. Onlar qeyd ediblər ki, hazırda həmkarlarla düşmənçilik yoxdur, amma ünsiyyət də yoxdur.
Hazırda onlar üçün birinci yerdə yeni layihələrin həyata keçirilməsi durur. Gənc ifaçıların sözlərinə görə, bu yaxınlarda Elnarə Xəlilova ilə birgə layihə təqdim ediblər. Müğənnilər Məmmədbağır Bağırzadənin repertuarından “Darıxıram” mahnısını rok janrına interpretasiyada ifa ediblər.
Nərmin Behbudova
"Qrupumuz yeni yarandığına görə layihənin bu qədər uğurlu olacağını gözləmirdik. Bu mahnıya klipimizi 300 minə yaxın insan izləyib. Bu, bizim üçün böyük uğurdur. Bundan sonra da kaver-mahnıları, eləcə də öz bəstələrimizi təqdim etmək niyyətindəyik” - Fərid bildirib.
Müğənnilər işdən əlavə sevgi münasibətlərinin olub-olmaması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətiriblər.
"Mən Fəridi çox sevirəm. Çox çətinliklərdən birlikdə keçdik. Bizi iş və dostluq bağlayır" - deyən Nərminin sözlərinə Fərid də qoşulub.