BAKI, 11 aprel — Sputnik. Kölgə sponsorların dəstəyi ilə beynəlxalq terrorizm dünya üçün qlobal təhlükə olaraq qalır.
Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov bildirib.
"Planetin müxtəlif yerlərində xarici təsirlərlə gərginlik ocaqları yaranır. Kölgə sponsorların dəstəyi ilə isə beynəlxalq terrorizm hələ də dünya üçün qlobal təhlükə olaraq qalır" - Gerasimov bildirib.
Hərbi rəhbər qeyd edib ki, belə bir şəraitdə Birlik dövlətlərinin üzləşdiyi çağırışlar daha real və rəngarəng xarakter alır. Gerasimovun sözlərinə görə, bu, yaxşı hazırlıqlı və təlim keçmiş silahlı qüvvələrin saxlanmasını tələb edir.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, terrorizmlə mübarizə əlbəttə ki, ölkələr arasında əməkdaşlıq tələb edir, lakin dünyada gərginləşən geosiyasi vəziyyətə görə bu, hazırda yoxdur.