Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Qubadlıda Azərbaycan hərbi qulluqçusunun yaralanması faktı ilə bağlı cinayət işi açılıb

Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Sputnik
BAKI, 11 aprel - Sputnik. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Məmmədov Rövşən Üzeyir oğlunun Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
***
Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı xəbərə görə, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Məlumata görə, hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.
"Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Təxribata görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - DSX-dən bildirilib.
09.04.24, 10:00
Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. müdafiə Nazirliyinidən verilən xəbərə görə, aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

"Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.