BAKI, 9 aprel — Sputnik. Türkiyə İsrailə aviasiya yanacağı və motor yağının ixracına məhdudiyyətlər qoyub. Bu barədə Türkiyə Ticarət Nazirliyinin açıqlamasında bildirilir.
İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə ona qarşı sanksiyalar paketini aprelin 8-də xarici işlər naziri Hakan Fidan açıqlayıb. Təl-Əviv humanitar yardımın çatdırılmasını təmin edənə və atəşkəs elan edənə qədər sanksiyalar qüvvədə qalacaq.
Ticarət Nazirliyinin dərc etdiyi press-relizdə ixracı məhdudlaşdırılacaq 54 mal qrupu müəyyən edilib. Onların arasında aviasiya yanacağı, motor və mineral yağlar, müxtəlif dəzgahlar, həmçinin sement və mərmər kimi mallar var.
Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsindən və 240-dan çox uşaq, qadın girov götürüləndən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edib. Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başladığını elan edib. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.