BAKI, 9 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.
İlham Əliyev Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub
Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəlidir oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib.
Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Buraya gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər.
İlham Əliyev Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub
Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib.
Kompleksdə son tamamlama işləri həyata keçirilir.
Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib.
Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verib.
Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.
Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, mini futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.
Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib
Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.
Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib
Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.
Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançın qalması və istirahəti üçün hər cür imkan var.
Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.
Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun da təməlini qoyub.
Dövlət başçısına stadionda yaradılacaq şərait barədə məlumat verilib.
Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.