BAKI, 9 aprel — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev fitrə zəkatının məbləğini açıqlayıb. QMİ səlahiyyətlisi bildirib ki, maddi durumu normal olan ailələrin hər üzvü üçün 10-15 manat fitrə pulu məqbul hesab olunur. Onun sözlərinə görə, bu zaman minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır. F.Nurullayev deyirb ki, ailədəki hər adama görə üç kiloqram düyü və ya buğdanın qiyməti ekvivalentində fitrə zəkatı təyin edilir.
Sputnik Azərbaycan Ramazan bayramında fitrə zəkatının hər ailədə necə hesablanmalı və kimlərə verilməli olduğunu araşdırıb. Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a bildirib ki, əgər ailənin özünə bahalı ərzaqlar almağa maddi imkanı varsa, fitrə zəkatınə da bahalı ərzaqın pulu ilə hesablayıb çıxmalıdır. Yox, əgər ailə ortabab dolanırsa, bu zaman fitrə zəkatının pulunu üç kiloqram kişmişin, xurmanın yox, buğdanın, yaxud düyünün pulu ilə hesablayıb verə bilər.
"Fitrə zəkatını ailədə hər adambaşına iki manatdan da hesablayıb vermək olar, beş manatdan da. Bu insanın maddi vəziyyətinə və yaxud vicdanına bağlı məsələdir. Əgər gün ərzində yaxşı yeməklər yeyirsə, fitrə zəkatını da yaxşı ərzaqların qiyməti ilə hesablayıb çıxmalıdır ki, Allah onun əvəzini versin", - İlham Səlimov bildirib.
Həmsöhbətimiz bildirib ki, fitrə zəkatı həm pul, həm də ərzaq şəklində verilə bilər. Onun sözlərinə görə, fitrə zəkatı pul şəklində verilsə daha yaxşıdır ki, imkansı şəxs bayram süfrəsinə nə ehtiyacdırsa ala bilsin.
Axund onu da bildirib ki, fitrə zəkatının veriləcəyi şəxsin sağlamlıq imkanlarının məhdud olması şərt deyil. O, bildirib ki, hər kəs öz ətrafında ehtiyac içərisində yaşayan şəxsə fitrə verə bilər. "Bəzi insanlar da var ki, onun məvacibi, qazancı özlərinə çatmır. Həmin şəxslərə fitrə zəkatı vermək vacib deyil. Onlar bu barədə heç düşünməsin. Gözləsinlər ki, vacib buyrulanlar onlara gətirib fiktrə zəkatı versin.
"Burada əsas diqqət edilməli məsələ fitrənin veriləcəyi şəxsin spirtli içki düşkünü olmamasıdır. Fitrə zəkatının bir zümrə var ki, açıq-aşkar günah edir, onlara fitrə verilə bilməz. Şərabxor olan insanlara fitrə zəkatı verilə bilməz. Amma ehtiyacı olan hər bir müsəlmana fitrə zəkatı verilə bilər", - İlham Səlimov bildirib.
Axund qeyd edib ki, fitrə zəkatını bayrama qədər, hətta bir qədər erkən vermək lazımdır ki, həmin şəxs o pulla bayram süfrəsi aça bilsin.
Həmsöhbətimiz sonda onu da vurğulayıb ki, , fitrə insanın canının salamat qalması üçün Allah yolunda ayırdığı bədəninin zəkatıdır.
Xatırladaq ki, bu il Ramazan bayramı Miladi təqvimlə aprelin 10-na təsadüf edir.