CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi sürücülərinin etik davranışları necə yoxlanılacaq? Rəsmi açıqlama

Bildirilib ki, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sürücülərinə etik davranışla bağlı tələblərə aydınlıq gətirib. AYNA-dan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Onun sözlərinə görə, taksi sürücüləri etik davranışla bağlı əlavə təlimlərə cəlb olunmayacaq. Buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün dörd günlük təlim zamanı sürücülərin etik davranışları da qiymətləndiriləcək.
Qeyd edək ki, bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək. Belə ki, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək. Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək.
AYNA-dan bildiirlib ki, bu təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir. Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur.
"Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir. İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır" deyə AYNA-dan bildirilib.
Əlavə olaraq bildirilib ki, bu tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Bu təlim üçün taksi sürücülər 76 manat rüsum ödəməlidirlər. Təlimlərdə iştirak tələbi bütün taksi sürücülərinə (Bolt, Uber və sair taksi şirkətləri) aiddir.
Qeyd edək ki, bu günlərdə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
Məlumat üçün bildirək ki, taksi xidməti göstərmək üçün sürücülərdən aşağıdakı sənədlər tələb olunur:
Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) https://e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunun üçün e-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.
İcazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);
2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);
3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);
4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);
5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);
6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;
8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;
9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;
10. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
"Dövlət rüsumu haqqında" Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Buraxılış vəsiqəsini aldıqdan sonra hüquqi və ya fiziki şəxslər sistemə daxil olaraq, heç bir əlavə sənəd yükləmədən mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələrinə icazənin əlavəsi olan buraxılış kartı üçün müraciət edə bilərlər.
Buraxılış vəsiqəsinin alınması üçün sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.