AZƏRBAYCAN XƏBƏRLƏRİ

BRICS ilə əlaqələr Azərbaycana nə vəd edir?

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru deyir ki, Bu təşkilata üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Azərbaycan Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahir Qasımov "Azərbaycan və BRICS: imkanlar və perspektivlər" adlı tədbirdə "Azərbaycan xarici siyasətində BRICS-in yeri" mövzusunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici dünya ilə münasibətlərini ərazi bütövlüyünə hörmət, ümumiyyətlə qarşılıqlı hörmət prinsipləri əsasında qurur:
"Azərbaycan qlobal təhlükəsizliyə və sülhə öz töhfəsini verib. Xarici siyasətimizin humanitar ölçüsünə baxdıqda isə son bir-iki ildə keçirilmiş tədbirlər böyük əhəmiyyət kəsb edib. Biz 30-dan çox ölkəyə 330 milyon dəyərində humanitar yardım göstərmişik. Bu gün iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirak edirik".
XİN nümayəndəsi bildirib ki, Azərbaycan BRICS-in fəaliyyətini yaxından izləyir:
"Biz Çin və digər BRICS üzvləri ilə aktiv əməkdaşlıq edirik. BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara malikdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Bu gün bir sıra dövlətlər BRICS-ə üzvlüyə maraq göstərirlər. Bunlar təşkilatın beynəlxalq münasibətlər sistemindəki çəkisindən xəbər verir. 2009-cu ildə BRICS-in ilk Zirvə toplantısı keçiriləndə qəbul edilən birgə bəyanatda göstərilmişdi ki, beynəlxalq təhdidlərlə mübarizədə çoxtərəfli diplomatiyaya üstünlük verilir. BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq təşviq olunur. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər BRICS sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi üç istiqamət BRICS çərçivəsində əsas istiqamətlərdir".
Tədbirdə çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov isə bildirib ki, BRICS-Azərbaycan münasibətləri genişlənir.
"BRICKS-in şuradan birlik formasına keçir. Bu təşkilatın genişlənməsinə hazırda 16 dövlət maraq göstərir. Bunlardan ikisi - Pakistan və Qazaxıstan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bilirik ki, BRICS problemsiz format deyil. Onun genişlənməsinə Qərb müqavimət göstərir. BRICS qlobal təşkilatdır. Mövcud qlobal düşüncəyə fərqli yanaşmanı ortaya gətirir. Bu təşkilata üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Bu təşkilata üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır. BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır".
Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə deyib ki, BRICS ilə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, hazırda ayrı-ayrı hegemon qüvvələr arasında qlobal güc olmaq uğrunda mübarizə gedir:
"Bu vəziyyətdə doğru seçim edilməsi zəruridir. BRICS bir qütblü dünyaya qarşı yaranıb. Azərbaycanın bu təşkilata meyllənməsi bizim üçün təhlükə yaratmır. Bu gün bizim iki böyük qonşumuz Rusiya və İran bu təşkilatın üzvləridir. Bizim niyyətimiz BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün yeni perspektivlər və imkanlar açır. BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malikdirlər. Azərbaycan bu təşkilata üzv olmaqla böyük ixrac imkanları əldə edə bilər. BƏƏ-nin bu il təşkilata üzvlüyünü görə bilərik. Azərbaycanın BRICS-in digər ölkələri ilə də əməkdaşlığını genişləndirəcəyini gözləyə bilərik. BRICS ölkələri Azərbaycanı bir çox beynəlxalq platformalarda müdafiə edib. Bu təşkilat bizim üçün yeni imkanlar yaradacaq. Rusiya Hindistan İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Amma Azərbaycanın iqtisadi mənada bütünlüklə Avropadan uzaqlaşacağını gözləmək olmaz. Azərbaycan BRICS ilə əməkdaşlıqdan iqtisadi və siyasi mənfəətlər qazana bilər".
Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.
Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.