DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran İsrail səfirliklərinə hücum planlaşdırır: Xameneyinin müşaviri Təl-Əvivi hədələdi

Yəhya Səfəvi deyib ki, konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və artıq heç bir İsrail səfirliyi təhlükəsiz deyil
Sputnik
BAKI, 7 aprel — Sputnik. İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbədən sonra dünyanın müxtəlif yerlərindəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil.
Bu sözləri İranın Ali Rəhbəri Seyid Əli Xameneinin baş hərbi müşaviri, general Yəhya Səfəvi deyib, bu barədə Tasnim məlumat yayıb.
“Konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və artıq heç bir İsrail səfirliyi təhlükəsiz deyil” - Tasnim agentliyi onun sözlərini sitat gətirib.
02.04.24, 19:11
Xameneyinin müşaviri: ABŞ İran konsulluğuna hücuma görə məsuliyyət daşıyır
İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalının ölümü ilə nəticələnən Dəməşqdəki İran konsulluğuna İsrailin hava hücumuna görə birbaşa ABŞ məsuliyyət daşıyır. Bu fikri İranın ali ruhani lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şəmxani deyib.
"Sionist rejim ABŞ-ın bölgədəki marionet ordusu olmaqla İranın Dəməşqdəki konsulluğuna hücum edərək axmaq bir hiylə işlətdi və bunun əvəzini ödəməlidir. Vaşinqtonun İsrailin bunları həyata keçirmək niyyətindən xəbəri olub-olmamasından asılı olmayaraq bu, ABŞ-ın bu cinayətə və onun nəticələrinə görə birbaşa məsuliyyət daşımasına heç bir təsir göstərmir", - o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
ABŞ-ın NBC telekanalı öz mənbələrinə istinadən xəbər verib ki, prezident Co Baydenin administrasiyası İrana birbaşa məlumat verib ki, Birləşmiş Ştatlar İranın Dəməşqdəki konsulluğuna hücumdan xəbərsizdir və bu hücumda heç bir iştirak etmir. Mənbələrin bildirdiyinə görə, Bayden administrasiyası Suriyadakı əməliyyatla bağlı mesajı İsrail təyyarələri artıq havada olarkən alıb. Bununla belə, Vaşinqtonun hansı hədəfin seçildiyini bilmədiyi qeyd edilir.
Aprelin 1-də Suriyanın SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdə bir obyektə hücum etdiyini bildirib. İran mediası Suriya paytaxtında İran konsulluğunun binasının atəşə tutulduğunu bildirib. SEPAH-ın İctimaiyyətlə Əlaqələr Departamenti yeddi hərbi məsləhətçinin: generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhiminin və beş zabitin həlak olduğunu bildirib. İranın dövlət televiziyası olan IRIB-in məlumatına görə, Zahedi Livan və Suriyada SEPAH-ın Əl-Qüds Xüsusi Qüvvələrinin bölmələrinə komandanlıq edib. Telekanal yeddi iranlı müşavirdən başqa altı Suriya vətəndaşının da həlak olduğunu bildirib.
Rusiya İsrailin konsulluğa hücumunu kəskin şəkildə pisləyib və bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib. İran prezidenti İbrahim Rəisi diplomatik nümayəndəliyə hücumun cavabsız qalmayacağına söz verib. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi TASS-ın müvafiq sorğusuna cavab olaraq, İsrail hərbçilərinin Dəməşqə zərbə endirməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.