BAKI, 7 aprel - Sputnik. Rusiyada azərbaycanlıların televiziya kanalı qeydiyyatdan keçib.
"Livetvaz" adlı Rusiya Azərbaycanlılarının telekanalı Rabitə, İnformasiya Texnologiyaları Kütləvi Kommunikasiya sahəsinə nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) tərəfindən 5 aprel 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Telekanalın rəhbəri, Rusiya Jurnalistlər İttifaqının üzvü, Birinci Qarabağ müharibəsi veteranı Rafiq Əliyev APA-ya açıqlamasında "Livetvaz"ın əsas məqsədinin Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı məlumatları rus dilində Rusiya auditoriyasında çatdırmaq olduğunu söyləyib:
"Rusiyada milyondan çox azərbaycanlı yaşayır. Bizim öz televiziya kanalımızın olması çox önəmli hadisədir. Rusiya qanunvericiliyində edilən son dəyişikliklər səbəbindən telekanalı qeydiyyatdan keçirmək çox mürəkkəb prosesdir. Çox çətinliklə də olsa, biz" "Livetvaz"ı dövlət qeydiyyatından keçirə bildik. Hələlik ancaq internet üzərindən yayımlanırıq. "Livetvaz" Rusiya telekanalıdır, Rusiya azərbaycanlılarının televiziya kanalıdır. Təbii ki, Rusiya qanunlarına əsasən fəaliyyət göstərəcəyik. Azərbaycan filmlərini rus dilində, Rusiya filmlərini Azərbaycan dilində dublyaj edib yayımlamağı qarşımıza vəzifə qoymuşuq. Artıq belə bir təcrübəmiz var, iki filmi dublyaj etmişik. Bundan başqa, "Livetvaz" ın Rusiyada kabel televiziyaları və İPTV operatorlarında Rusiya telekanallarının siyahısına qoşulması ilə bağlı danışıqlar aparırıq".
R.Əliyev telekanalın artıq test rejimində fəaliyyətə başladığını, iki dildə, Azərbaycan və rus dillərində yayımlandığını, çox yaxşı monitorinq nəticələri göstərdiyini əlavə edib.