BAKI, 5 aprel — Sputnik. Kiyev rejiminin 2024-cü ilin əvvəlindən Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində 201 mülki şəxs həlak olub, 721 nəfər yaralanıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
"2024-cü ilin birinci rübündə Kiyev rejimi Rusiyadakı mülki hədəflərə ən azı 22 min sursat atıb. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfirinin xidmətinin Kiyev rejiminin cinayətləri ilə bağlı topladığı məlumatlara əsasən, 2024-cü il yanvarın 1-dən martın 31-dək Rusiyanın regionlarında 922 mülki şəxs hücumlardan əziyyət çəkib. Onlardan 721 nəfər yaralanıb" - Miroşnik bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.