BAKI, 5 aprel — Sputnik. Brüsseldə bu gün keçiriləcək Avropa İttifaqı (Aİ)-ABŞ-Ermənistan üçtərəfli görüşünün iqtisadi gündəliyi var.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, bu görüş Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında Qranadada keçirilən görüşün davamıdır: "İclasda regional və təhlükəsizlik məsələləri müzakirə olunmayacaq, lakin yeni sistem məsələlər müzakirə olunacaq. Aİ və ABŞ ilə münasibətlərimiz dəyişir".
A.Qriqoryan qeyd edib ki, Ermənistanın obyektiv və subyektiv səbəblərdən Qərb texnologiyalarına çıxışı olmayıb, bu görüş belə çıxışı açmaq üçün bir fürsətdir.
Xatırladaq ki, Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü aprelin 5-də Brüsseldə baş tutacaq.