SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qərbin oynadığı oyun Ermənistana inkişaf vəd etmir - Politoloq

Ermənistanda neokolonialist, neoimperialist şəbəkənin əlində oyuncağa çevrilmiş Paşinyan hakimiyyəti bölgənin gərginlik mərkəzinə çevrilməsinə səbəb olur
Sputnik
BAKI, 5 aprel — Sputnik. Brüsseldə Aİ-ABŞ-Ermənistan rəsmilərinin iştirakı ilə üçtərəfli formatda görüş keçirilir. Görüş öncəsi ABŞ Dövlət Katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməyə ehtiyac duydular. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə müzakirə olunduğu kimi, Avropa Komissiyasının Prezidentinə də bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
Azərbaycan bölgədə Qərbin Ermənistan vasitəsilə nüfuz qazanmaq niyyətlərini bilir və bunun regionda törədə biləcəyi fəsadlarla bağlı narahatlığını ifadə edir. Qərb isə israrla Brüssel görüşünün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirir.
Aprelin 4-də Türkiyə xarici işlər nazirliyi də Brüssel görüşü ilə bağlı bəyanat yaydı. Türkiyə XİN-in bəyanatında bildirilir ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.
Bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq.
Türkiyənin bölgədəki proseslərdə iştirakçı olduğunu və bir çox məsələlərdə kilid ölkə olduğunu nəzərə alsaq, qardaş ölkənin mövqeyini anlamaq olar. Türkiyə tərəfi də anlayır və bildirir ki, Qərbin iqtisadi yardım adı altında Ermənistana yönəlmiş istənilən təşəbbüsü bölgədə eskalasiya riskini artırır və yeni hərbi toqquşmaların başlamasına zəmin yaradır. Məhz son günlər Ermənistan-Azərbaycan sərhədində meydana gələn gərginlik bunun bariz nümunəsi sayıla bilər. Ermənistan ikinci Qarabağ müharibəsinin itkilərini bərpa etmək üçün yenidən güc qazanmalıdır. Görünən odur ki, Cənubi Qafqazda Azərbaycan-Rusiya-Türkiyə diplomatik təmaslarının ahəngdarlığı fonunda Ermənistan özünü yad hiss edib, bölgəni yadlaşdırmaq yolunu tutub. Paşinyan hakimiyyətinin Qərb siyasi dairələri ilə qurduğu isti əlaqələr Ermənistanı yenidən gücləndirməyə hesablansa da, hesablamaların fəlakətlik nəticələr gətirə biləcəyi də ehtimallar arasındadır.
Politoloq Tural İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, Ermənistanda neokolonialist, neoimperialist şəbəkənin əlində oyuncağa çevrilmiş Paşinyan hakimiyyəti bölgənin gərginlik mərkəzinə çevrilməsinə səbəb olur: "Qərb Avropadan Asiyaya doğru uzanan geopolitik oxda mnüqaişə ocaqlarını körükləməyə səy göstərir. Hamıya məlumdur ki, Qərb siyasi isteblişmenti heç vaxt dünyanın digər bölgələrində siyasi ədalətin tərəfində olmayıb. Qranadada baş tutan görüşdən sonra indi də Büsseldə guya Ermənistana iqtisadi yardımlarla bağlı görüşün keçirilməsi Qərbin ikiüzlü siyasətini oraya qoyur".
Politoloq Tural İsmayılov
Politoloq deyib ki, bu gün Fransa və ABŞ başda olmaqla Qərb şəbəkələri Ermənistanın dövlət olaraq inkişafında maraqlı deyillər: "Əksi olsa idi, Ermənistanı qızışdırmazdılar. Ermənistan vasitəsilə Rusiya, Azərbaycan, İrana qarşı cəbhə formalaşdırılır. Rəsmi Ankara yaxşı başa düşür ki, Brüssel görüşü Ermənistanın növbəti provokasiyalara təhrik edilməsinə səbəb ola bilər. Bu gün Türkiyə-Ermənistan münasibətlərində pozitiv impulslar gözlənildiyi, Azərbaycanla sülh müqaviləsi üçün Ermənistan praktiki addımlar atmalı olduğu bir vaxtda, bu ölkə gərginliyə köklənir. Ermənistanda Rusiya əleyhinə siyasi isterika daha da alovladılır. Qərbin bu gün oynadığı oyun Ermənistana inkişaf vəd etmir və bu ölkənin vəziyyətinin daha da pisləşməsinə səbəb olur".