Azərbaycan paytaxtında keçirilən Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayıb. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 finaldan yarışa qoşulublar.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda Ukrayna təmsilçisi Aleksey Masiki mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:2 hesabı ilə üstələyib.
1/4 final mərhələsində Nihat Məmmədli Türkiyə təmsilçisi Eneş Başara uduzub - 1:3. Bununla da o, Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.
87 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov 1/8 finalda Danimarkadan olan Turpal Bisultanovla üz-üzə gəlib. Qarşılaşmadan 3:5 hesabı ilə məğlub ayrılan Abbasov mübarizəni dayandırıb.
97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub. O, rəqibini vaxtından əvvəl üstələyib - 10:0.
Əhmədiyev 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə məğlub olaraq (5:7) turnirdə mübarizəni dayandırıb.
130 kq çəki dərəcəsində yer alan Beka Kandelaki təsnifat mərhələsində norveçli Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) üz-üzə gəlib. Rəqibinə qalib gələn (9:1) Kandelaki 1/4 finala yüksəlib.
Kandelaki 1/4 finalda Bolqarıstan təmsilçisi Georgi İvanovu mübarizədən kənarlaşdırıb. Kandelaki rəqibini 9:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. O, Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.