MƏDƏNİYYƏT

Müğənni Rəqsanənin adı növbəti kriminal qalmaqalda: Evimdəyəm, heç nə olmayıb - VİDEO

Müğənni Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Sputnik
BAKI, 4 aprel - Sputnik. Müğənni Rəqsanə İsmayılova Moskvada saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sənətçi yazılanların həqiqətə uyğun olmadığını deyib.
“Boş-boş başınızı ağrıtmayın. Mənə heç bir şey olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuz üçün çox sağ olun. Evimdəyəm, Moskvadayam. Ayın 10-dan sonra da Azərbaycanda olacağam. Heç bir problemim də yoxdur. Heç bir şey olmayıb. Evimdəyəm, ailəmləyəm” - R. İsmayılova videomüraciətində bildirib.
***
Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.
Bu barədə Azərbaycan KİV-ləri Rusiyanın Telegram kanallarına istinadla məlumat yayıb.
Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
Qeyd olunub ki, Rəqsanə İsmayılova Rusiya İstintaq Komitəsinin Solntsevo istintaq şöbəsinə aparılıb. O, Daxili İşlər Nazirliyinin Moskva vilayətinin Solntsevo şəhəri üzrə Daxili İşlər İdarəsinin əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü ildə açılan cinayət işində şahid qismində dindirilib.
İstintaqın versiyasına görə, İsmayılova Qurbanov soyadlı şəxsə Smirnovaya verməsi üçün 650 min rubla yaxın pul köçürüb və Qurbanov sübut olunmuş variant vasitəsilə ona yeni sənəd almağa kömək edib.
2 aprel 2023-cü ildə bu faktla bağlı cinayət işi açılıb və müğənni barəsində heç yerə getməmək barəsində qərar çıxarılıb.
Qeyd edək ki, Rəqsanə İsmayılova 2013-cü ildə Azərbaycanda axtarşa verilib. O, vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.
Adı daim qalmaqallarda hallanan İsmayılovaya qarşı 2016-cı ildə türkiyəli musiqiçi Caner Tepecik ittiham irəli sürüb. Tepecik müğənninin ona 16000 min dollar pul borclu olduğunu, lakin onu vermək istəmədiyini bildirib.
Rəqsanə İsmayılova 25 may 1979-cu ildə Goranboyda anadan olub.
İlk rəsmi nikahından olan qızı Aysun da tanınmış müğənnidir. Rəqsanənin ikinci nikahdan Yağmur adlı qızı dünyaya gəlib.
Sonradan Rusiyada yaşayan azərbaycanlı iş adamı Fazil Əmiraslanovla ailə quran Rəqsanənin ondan əkiz övladları - Mehrimah və Muhamməd dünyaya gəlib.
Rəqsanə İsmayılovanın əsl peşəsi hüquqşünaslıqdır. Onun, 2013-cü ildə Rusiya universitetlərindən birinin hüquq fakültəsinə daxil olduğu bildirilir.