BAKI, 4 aprel — Sputnik. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Kiyevin Donbassdakı hərbi əməliyyatları ilə bağlı arqumentlərinin üstündən xətt çəkib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz Donbasa qarşı terror ittihamlarının yalan olduğunu söylədik. İndi ümid edirəm ki, hamınız sənədlərlə tanış olmusunuz, bunu Beynəlxalq Ədalət Məhkəməsi Kiyevin Rusiya Federasiyasına qarşı iddiası ilə bağlı 31 yanvar 2024-cü il tarixli qərarında təsdiqləyib" - nazir bu barədə Ukrayna ilə bağlı səfirliyin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi "DXR" və "LXR"-in terror təşkilatları, habelə Rusiya Federasiyasını terrorizmin sponsoru kimi tanımaqdan imtina edib.
"Beynəlxalq Məhkəmənin qərarı Kiyevin mülki əhaliyə qarşı müharibəyə haqq qazandırmaqda əsas arqumentinin üstündən xətt çəkdi. Onlar bunu Donbasın terrorçular tərəfindən idarə olunması və onların himayədarının Rusiya Federasiyası olması ilə əsaslandırdılar", - nazir əlavə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.