BAKI, 4 aprel — Sputnik. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində ənənəvi olaraq Cənub-Şərqi Avropa ölkələri mühüm yer tutur - bu dövlətlər Azərbaycanın enerji resurslarının fəal alıcılarıdır və qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayırlar.
Xüsusən, Bakının Aİ-dəki əsas tərəfdaşları sırasında Azərbaycanın uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq və qarşılıqlı sərmayələrə malik olduğu Rumıniyanın adını çəkmək olar. İkitərəfli münasibətləri inkişaf etdirmək və dərinləşdirmək üçün tərəflər tez-tez rəsmi şəxslərlə məsləhətləşmələr aparırlar. Belə ki, bu həftə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduj Bakıda olub və burada ticarət-iqtisadi əlaqələr üzrə birgə komissiyanın 8-ci iclasında iştirak edib.
Görüşün yekunları üzrə Bakı və Buxarest enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların stimullaşdırılması üçün birbaşa səylərin göstərilməsi barədə razılığa gəliblər.
Qeyd etmək lazımdır ki, iki ölkə arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyət, digər məsələlərlə yanaşı, Azərbaycanın Aİ-yə çıxışını şaxələndirmək imkanı yaradır.
Azərbaycan qazı üçün Aİ-yə əlavə pəncərə
Əminliklə demək olar ki, enerji bu gün Bakı ilə Buxarest arasında onun bir sıra sektorlarında sıx qarşılıqlı əlaqədə olan əməkdaşlığın ən mühüm sahəsidir.
Belə ki, ilk növbədə, Azərbaycan və Rumıniya arasında enerji resursları və hazır yanacaq ticarətini xüsusi qeyd etmək lazımdır. Ötən ilin sonunda Azərbaycan 622 min ton "qara qızıl" ixrac edilən Rumıniyaya üçüncü ən böyük neft tədarükçüsü olub.
Eyni zamanda, ötən il AR Rumıniyadan 10,2 min tona yaxın neft məhsulları, əsasən Aİ-95 və Aİ-98 markalı benzin idxal edib. Qeyd etmək lazımdır ki, Azərbaycan bu məhsulların idxalından asılıdır və bu mənada Rumıniyadan tədarüklər ölkədə yanacaq istehlakının əhəmiyyətli həcmini əhatə edir.
Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada yanacaq paylanması sahəsində mühüm yer tutur. SOCAR Rumıniya bazarına 2011-ci ildə törəmə şirkəti SOCAR Petroleum vasitəsilə daxil olub və bu gün ölkənin müxtəlif regionlarında 27 yanacaqdoldurma məntəqəsinə malikdir.
Dövlət Neft Şirkətinin törəmə müəssisəsi Rumıniyada həm də dörd yanacaq anbarına malikdir. Bu günə kimi SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı investisiyalar 70 milyon dolları ötüb ki, bu da 800-dən çox iş yerinin açılmasına səbəb olub.
Bununla yanaşı, Rumıniya Azərbaycanın qaz tədarükü coğrafiyasını genişləndirmək planlarına tam uyğun gəlir. Ötən il SOCAR və Rumıniyanın "Romgaz S.A." şirkəti Azərbaycan qazının tədarükü haqqında saziş imzalayıblar. Belə ki, sazişdə Azərbaycandan illik "mavi yanacağın" ixracının həcminin 1 milyard kubmetr təşkil edəcəyi, onun bir hissəsinin Moldovaya göndəriləcəyi bildirilib.
Ötən ilin sonunda Rumıniya 184 milyon kubmetrdən çox Azərbaycan qazı idxal edib. Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldovanın qaz nəqli şəbəkələrini birləşdirmək üçün nəzərdə tutulan "Şaquli dəhliz" həyata keçdikdən sonra Azərbaycandan Rumıniyaya qaz nəqlinin 1 milyard kubmetr səviyyəsinə çatacağı gözlənilir.
Beləliklə də, Buxarest Azərbaycan qazı üçün bir növ "Mərkəzi Avropaya pəncərə"yə çevrilməyi planlaşdırır ki, bu da Bakıya "mavi yanacaq" təchizatı bazarlarını şaxələndirməyə imkan verəcək.
Qaz terminalı
© iStock.com / MikeMareen
Xəzər və Qara dənizlər arasında enerji körpüləri
İki ölkə, həmçinin mayeləşdirilmiş təbii qazın tədarükü üzrə də əməkdaşlıq etməyi planlaşdırır. Məlum olduğu kimi, Azərbaycan öz ərazisində mayeləşdirilmiş təbii qaz (MTQ) istehsal etmir, lakin Dövlət Neft Şirkəti bu növ yanacağın dünya bazarında aktiv treyderidir.
Azərbaycan, Rumıniya və Gürcüstanın birgə layihəsi sayəsində isə Bakı öz MTQ-sini Gürcüstan limanında istehsal edə biləcək. Xatırladaq ki, 2008-ci ildən Azərbaycan, Gürcüstan və Rumıniya Gürcüstanın Kulevi limanında SOCAR-ın neft yükləmə terminalına sahib olduğu, Azərbaycandan, gələcəkdə isə Türkmənistandan qazı emal edəcək qazın mayeləşdirilməsi zavodunun tikintisini planlaşdırırdı. Daha sonra layihə bir sıra problemlərlə, o cümlədən maliyyələşdirmə ilə bağlı problemlərlə üzləşib və onun icrası təxirə salınıb.
Hazırda isə Bakıda keçirilən görüşdə Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja yenidən bu təşəbbüsü xatırladıb və bildirib ki, Kulevidə istehsal olunacaq Azərbaycan MTQ-nin alınması layihəsini aktivləşdirmək planlaşdırılır. Rumıniya rəsmisinin bəyanatına əsasən, Qara dənizdə MTQ tikintisi layihəsi yenidən aktuallıq qazanıb və ola bilsin ki, Aİ-nin də maliyyə dəstəyini də qazansın.
Bu, həyata keçirilərsə, Xəzər dənizinin ehtiyatlarını və imkanlarını Qara dənizlə birləşdirəcək enerji körpüsü yaradılacaq.
İki dəniz arasında daha bir enerji körpüsünü Xəzər regionundan Qara dənizin dibi ilə Avropaya "yaşıl enerji" tədarükü layihəsi də adlandırmaq olar ki, bu layihədə Azərbaycan Rumıniya və Gürcüstan, Macarıstan və Orta Asiya ölkələri ilə birlikdə iştirak edərək əsas rol oynayacaq.
Tranzit və logistika
Azərbaycan və Rumıniya arasında əməkdaşlığın digər mühüm sahələri isə tranzit, nəqliyyat və logistikadır. Bakı və Buxarest Xəzər və Qara dənizlərin tranzit imkanlarını birləşdirən Orta Dəhlizdə mühüm həlqələrdir.
Hazırda Bakı və Konstansa limanlarının inteqrasiyası istiqamətində kifayət qədər ciddi işlər aparılır. Belə ki, Rumıniya Konstansa limanını Avropada yüklərin daşınması mərkəzinə çevirməyi planlaşdırır və Gürcüstan limanları (Batumi, Poti) ilə birlikdə Bakı limanını da Avropa limanları ilə birləşdirməyə ümid edir.
Azərbaycan üçün Rumıniyanın təklif etdiyi Avropaya çıxışdan ötrü dəniz alternativinin yaradılması həm ticarət və nəqliyyat marşrutlarının şaxələndirilməsi, həm də qlobal multimodal nəqliyyat sistemində Bakı limanının rolunun gücləndirilməsi baxımından çox vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.