PAYTAXT XƏBƏRLƏRİ

Taksilərdən sonra indi də paytaxtda avtobuslarla bağlı yenilik olacaq - Rəsmi açıqlama

AYNA sözçüsü onu da əlavə edib ki, paytatxda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobus istismara qaytarılacaq, marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması həyata keçiriləcək. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov söyləyib. O, taksilərə yeni müəyyənləşən tələblərdən sonra ictimai nəqliyyatın necə tənzimlənəcəyini şərh edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov
T.Orucov bildirib ki, Azərbaycanda taksi sayı digər ölkələrlə müqayisədə dəfələrlə çoxdur:

"Bu gün Bakının əsas küçə və prospektləri ilə yanaşı ətraf ərazilərdə də sıxlıq və tıxaclar müşahidə olunur. İctimai nəqliyyatın hərəkətini ləngidən əsas amil də elə 10 minlərlə qanunsuz taksinin fəaliyyət göstərməsidir. Əgər fərdi nəqliyyat vasitəsi gün ərzində 2 dəfə səfər reallaşdırırsa, taksilərdə bu gösgərici 10 dəfə çoxdur. Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq".

AYNA sözçüsü onu da əlavə edib ki, paytatxda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. O, bildirib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

"Hədəfdə marşrutlar arasında avtobusların paylanmasının optmallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Hazırda 2000-ə yaxın avtobus daşımalarda iştirak edir. Taksi sayının azaldılmasına uyğun olaraq ictimai nəqliyyatın sayının artırılması mərhələli qaydada həyata keçiriləcək", - T.Orucov qeyd edib.

Qeyd edək ki, taksilərlə bağlı yeni tələblər müəyyənləşib. Belə ki, bu ilin iyul ayının 1-dən etibarən istehsal ili 15 ildən çox olan avtomobillərdən taksi kimi istifadəyə icazə verilməyəcək. Bundan əlavə, sözügedən tarixdən taksi xidməti üçün icazə ancaq ağ və qırmızı rəngli avtomobillərə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.