BAKI, 3 aprel — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüşdə bildirib ki, müasir dünyada müharibə və silahlı münaqişələrin, o cümlədən terror aktlarının intensivləşməsi Avrasiya məkanında yerləşən dövlətlərin qarşısına yeni məsul vəzifələr qoyur.
Qazaxıstan Prezidenti aparatının saytında gedən məlumata görə, Kasım-Jomart Tokayev ötən il dünyada 183 regional və lokal xarakterli münaqişələrin baş verdiyini, bu mənfi tendensiyada 30 faiz artım qeydə alındığını bildirib. O əlavə edib ki, beynəlxalq terrorçu qruplaşmalar getdikcə güclənir və hazırkı şəraitdə kibercinayətlərin sayı da sürətlə artır. Qazaxıstanın dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Rusiyada törədilmiş dəhşətli terror aktı bir daha göstərdi ki, dövlətlər bu bəla ilə mübarizədə səylərini birləşdirməli, həmin faciədən dərs çıxarmalıdır.
Kasım-Jomart Tokayev vurğulayıb:
"Bu təhdidlər indi nəinki aktuallığını qoruyur, həm də yeni ciddilik qazanaraq transformasiya olunur. Belə bir şəraitdə bizə daha sistemli və qətiyyətli cavablar lazımdır. İmkan verməməliyik ki, terrorizm, ekstremizm və separatizm təzahürlərindən dövlətlərimizdə daxili sabitliyi pozmaq üçün istifadə olunsun. "Şərin üç qüvvəsi" olan transmilli mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibertəhlükəsizlik problemləri ilə mübarizə Qazaxıstanın ŞƏT-də sədrliyinin prioritetlərindən biridir".
Qazaxıstanın dövlət başçısı silahlı münaqişələr və terrorizmin güclənməsi ilə yanaşı, iqlim böhranı, qida, su, nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı çağırışların həllinin də vacibliyini qeyd edib. O əlavə edib ki, dünyada mürəkkəb şəraitin yaxşılaşması istiqamətində heç bir əlamət görünmür.
İclasda, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri Syaoxonq Vanq, Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri, Təhlükəsizlik Şurasının katibi Acit Doval çıxış ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.