BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlanıb, Sankt-Peterburq şəhərinin qubernatorunun ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olundu və bu səfərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbirlərin keçirildiyi xatırlanıb. Bir sıra görkəmli azərbaycanlıların Sankt-Peterburq şəhərinin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.
İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib
Görüşdə ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirildi. Artıq 20 ildir ki, fəaliyyət göstərən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində növbəti 4 il üçün Yol Xəritəsinin imzalanması məmnunluqla vurğulanıb.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.
Xatırladaq ki, Bakıda Azərbaycan və Rusiyanın Sankt-Peterburq şəhəri arasında iqtisadi-humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.
İclasda "2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" təsdiq edilib. Sənədi M.Cabbarov və A.Beqlov imzalayıblar. Tədbirlər Planı ticarət, ekoloji təhlükəsizlik, səhiyyə, məşğulluq və sosial müdafiə, humanitar, şəhərsalma və arxitektura sahələri üzrə tərəfdaşlığın dəstəklənməsini təmin edəcək.
Əlavə edək ki, Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.