BAKI, 3 aprel - Sputnik. Xalqımızın tarix boyu yaratdığı milli mədəniyyət nümunələrindən biri də mahnılardır. Xalq mahnıları mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Ayrı-ayrı istedadlı adamların yaradıcılıq məhsulu olan mahnı və musiqilər zaman-zaman el arasında yaşayıb, sevilib və dildən-dilə, ağızdan-ağıza düşərək, yaddaşdan-yaddaşa ötürülərək bu günümüzə qədər gəlib.
Onların arasında Şuşa qalasında yaranan və məşhurlaşan xalq mahnıları da var. Bunlardan biri də "Bu gün ayın üçüdür" və ya "Qalalı" xalq mahnısıdir.
Sputnik Azərbaycan xəbər verir ki, "Qalalıyam, qalalı” XIX əsrin axırlarında yaranmış Azərbaycan xalq mahnısıdır. Sözləri və musiqisinin görkəmli xanəndə Cabbar Qaryağdıoğluna aid olduğu bildirilir.
Həmin mahnı bir çox Azərbaycan və dünya musiqiçiləri tərəfindən ifa olunub. Korifey sənətkarımız Rəşid Behbudovun atası Məcid Behbudov XX əsrin əvvəllərində həmin mahnıya müraciət edib.
O dövrdə İngiltərənin “Qrammafon-Rekords” şirkəti tərəfindən buraxılmış qırxdan artıq mahnının olduğu vala “Qalalıyam, qalalı!” xalq mahnısı da daxil olub.
Mahnının digər ifaçısı Hüseynqulu Sarabski olub. O, 1930-cu ildə həmin mahnı lentə alınıb. Qalalıyam, qalalı, De gulum nanay, ay naninay, Uca dağlar maralı, hay Uca dağlar maralı.
Şuşa qalasına həsr edilən, hər kəlməsindən iftixar və qürur duyulan, xalq mahnısı kimi məşhurlaşan "Qalalıyam, qalalı" dahi Bülbül tərəfindən də ifa olunub.
Həmin mahnı Bülbülün ifasında "Mənim gülüm" adlanıb.
Hələ də sənətçilər tərəfindən şövqlə oxunan mahnı, daha çox Xalq artisti Rəşid Behbudovun ifasında tanınıb.
Zaman-zaman sözlərində dəyişiklik edilən mahnı sənətkarın ifasında "Bu gün ayın üçüdür" kimi yaddaşlara həkk olunub.
Mahnı təkcə Azərbaycanda yox, əksər ölkələrdə məşhurdur. Bir çox əcnəbi müğənnilərin repertuarına daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.