BAKI, 2 aprel — Sputnik. Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm vilayətindən 49,8 min kubmetr meşə məhsulları idxal edib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə (41,4 min kubmetr) 20 % çoxdur.
Məlumata görə, bu ilin mart ayında "Rosselxoznadzor"un Kirov vilayəti, Udmurt Respublikası və Perm diyarı üzrə departamenti Azərbaycana ixrac üçün nəzərdə tutulan 18,9 min kubmetr meşə məhsuluna karantin fitosanitar nəzarəti həyata keçirib.
Ağac məmulatlarının nümunələri seçilərək "VNIIKR" Federal Dövlət Büdcə Təşkilatının Perm şöbəsinə təhvil verilib. Laboratoriya müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizmlərin olmadığı təsdiq edilib və 178 fitosanitar sertifikat verilib.