BAKI, 1 aprel - Sputnik. Türkiyə müxalifəti martın 31-də yerli seçkilərdə qalib gəldikdən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edəcək.
Bunu türkiyəli ekspert Engin Özər RİA Novosti-yə bildirib.
Ekspert, hakim partiyanın uğursuzluğunun bir neçə ciddi səbəbini söyləyib: yüksək inflyasiya (65%) və pensiyalar. Ekspert qeyd edib ki, yerli seçki kampaniyası zamanı öz partiya namizədlərini dəstəkləyən mitinqlərdə çox sayda nazirin iştirak etməsi Ədalət və İnkişaf Partiyasına (AKP) böyük ziyan vurub. Digər tərəfdən, o hesab edir ki, Qəzza zolağında baş verən faciəyə baxmayaraq, Türkiyə hökuməti İsraillə ticarəti dayandırmayıb.
Engin Özər əlavə edib ki, böyük ehtimalla 2025-ci ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu postda əsas namizədlərin isə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi, İstanbul böyük şəhər bələdiyyəsinin seçilmiş sədri Əkrəm İmamoğlu və AKP-nin gələcək sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, "Baykar makine" şirkətinin ortaq sahibi Səlcuq Bayraktarın olacağı gözlənilir. Türkiyə qanunvericiliyi ardıcıl iki müddətdən artıq vəzifə tutmağa icazə vermədiyi üçün hazırkı prezident Ərdoğan yenidən namizədliyini irəli sürə bilməyəcək.
Xatırladaq ki, martın 31-də Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) qabaqlayıb. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz vəzifələrini qoruyub saxlayıblar. Ekspertlər hakim komandanın uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi vəziyyəti göstəriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının yerli seçkilərdəki məğlubiyyətini etiraf edib və seçkiləri demokratiyaya layiq adlandırıb.