BAKI, 31 mart — Sputnik. Braziliyalı 3D-dizayner Sisero Morais, təxminən 20 il əvvəl Polşada tapılan kəllədən istifadə edərək alim Nikolay Kopernikin xarici görünüşünü bərpa edib. Bu barədə "Daily Mail" məlumat yayıb.
1473-cü ildə anadan olmuş Polşa astronomu Kopernik Yerin Günəş ətrafında fırlandığı qənaətinə gələrək planetlərin tədqiqində inqilab edib. Onun nəzəriyyələri katolik kilsəsinin rəsmi mövqeyinə zidd idi və ölümündən sonra əsərləri qadağan edilmişdi.
Hesab olunur ki, alimin sağlığında onu heç bir rəssam təsvir etməyib. Kopernikin yeganə avtoportreti isə 1597-ci ildə yanğın zamanı məhv olub. Kopernikin bütün mövcud təsvirləri həmin avtoportretə əsaslanır (həmin rəsmdə alim qırmızı xalatda təsvir edilmişdi).
Kopernik 1543-cü ildə 70 yaşında vəfat edib. Onun olduğu hesab edilən kəllə 2005-ci ildə Kopernikin yaşadığı, işlədiyi və öldüyü Polşadakı Frombork Katedralinin altında tapılıb.
Kəllənin çənəsi olmadığı üçün Morais rekonstruksiyadan ötrü kompüter tomoqrafiyası üsullarına əl atıb. O, oxşar kəllə xüsusiyyətlərinə malik canlı insanların məlumat bazasından istifadə edib.
"Daily Mail" qeyd edir ki, Morais'in 3D portretində Kopernik "sakit" görünür. Onun uzunsov üzü, iri burnu, nazik dodaqları və kiçik gözləri var.
Nəşr vurğulayıb ki, Moraisin rekonstruksiyası astronomun portretlərinə olduqca oxşar bir sifət nümayiş etdirib. Ən məşhur təsvirdən və 3D rekonstruksiyadan olan Kopernik eyni kvadrat çənəyə, yüksək yanaq sümüklərinə və oxşar burunlara malikdir.
Ancaq kəllənin kimə məxsus olduğu mübahisəlidir. Belə ki, bəzi ekspertlər onun alimə aid olmasına şübhə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.